Şok: Premyer Liqa 10 komanda ilə keçiriləcək!?
18.06.2009 - 14:29
Şok: Premyer Liqa 10 komanda ilə keçiriləcək!?
Azərbaycan Premyer Liqasının 2009/10 mövsümü 10 klubun iştirakı ilə keçirilə bilər. Bu şok effektli açıqlamanı apasport.az saytına Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev verib. Çempionatın əsasnaməsinin ziddinə olaraq, yarışda 12 yox, 10 komandanın çıxışı isə “Karvan” və “Turan”da yaranan maddi problemlərlə bağlıdır.

Musayev bildirib ki, “Karvan” gələn mövsümdə oynamayacağı demək olar, dəqiqdir: “Srağagün “Karvan”ın prezidenti Şahmar Vəliyevlə telefon danışığım olub. O, sırf öz klubunun yetirməsi olan gənc futbolçularla I divizionda mübarizə aparacaqlarını bildirdi. Onu da dedi ki, nə vaxtsa gənc oyunçularla Premyer Liqaya vəsiqə qazansaq, o zaman yüksək dəstədə çıxış edəcəyik”.

“Turan”ın məsələsinə gəlincə, PFL prezidentinin necə deyərlər, bu klubun ölüsündən və ya dirisindən xəbəri yoxdur. Musayev “Karvan” və “Turan”ın imtina edəcəyi təqdirdə, Premyer Liqada 10 komanda yarışacağını vurğulayıb. Lakin klubların sayının 10-a düşməsi əsasnamə ilə təsdiqlənməlidir. Çünki mövcud qaydalara görə, çempionatda 12 klub iştirak etməlidir: “Düzü, bu məqam məni də narahat edir. Çempionat 10 klubla keçirilərsə, 4 dövrəli sistem üzrə gerçəkləşəcək”.

Əgər “Karvan” yarışdan çıxsa, “Turan” isə razılıq versə, vəziyyət necə olacaq? Musayevin sözlərinə görə, iştirakçıların sayı 11 olarsa, daha bir komandaya ehtiyac duyulacaq: “Öncə I divizionda ilk “dördlük”də qərarlaşan klublara müraciət olunacaq. Amma I diviziondan hansısa komandanın Premyer Liqada oynayacağı inandırıcı görünmür. Həmin klublar maddi cəhətdən zəifdirlər. I divizion komandalarından razılıq almasaq, növbə Premyer Liqada ötən mövsüm yerini itirmiş “Bakılı” və MOİK-ə çatacaq”.

Qeyd edək ki, Premyer Liqa klublarının sayının 14-dən 12-yə endirilməsi məsələsi AFFA-nın martda keçirilən konfransında təsdiqlənib.
0