Ağasəlim Mircavadov: Adamiya “Neftçi”dən ayrılandan sonra mənə dedi ki...
18.06.2009 - 15:21
Ağasəlim Mircavadov: Adamiya “Neftçi”dən ayrılandan sonra mənə dedi ki...
“Georgi Adamiyanı çoxdan komandamda görmək istəyirdim. Hələ “Xəzər-Lənkəran”da işlədiyim ilk vaxtda onu transfer etmək istəsək də, müqaviləsi olduğundan keçidi baş tutmurdu”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Xəzər-Lənkəran” klubunun baş məşqçisi Ağasəlim Mircavadov deyib.

2005-ci ilin qışında Azərbaycana gələn Georgi Adamiya üç il “Neftçi”, son altı ay isə “Bakı” klubunun formasını geyinib. Mircavadovla flaqmanda işlədiyi il yarımda Azərbaycan çempionluğunu, “Birlik kuboku”nu qazanan və bu turnirin bombardiri (6 qol) olan 28 yaşlı gürcüstanlı hücumçu “Xəzər-Lənkəran”a simpatiyasının olduğunu gizlətmirdi: “Düzü, keçidin artıq rəsmiləşməsi haqda məlumatım yoxdur. Amma Adamiyanın transferi gündəmə gələndə buna etiraz etmədim. Çünki komandamızı gücləndirə biləcək yaxşı futbolçular lazımdır. Adamiya isə həm yaxşı futbolçu, həm də yaxşı insandır. Meydanda işləyən futbolçudur. Onun potensialını biz aça bildik. Burda söhbət təkcə məndən yox, bütün məşqçilər heyətindən gedir. Yəni, Adamiyanın əsl bacarığının üzə çıxması bizim birgə əməyimizin nəticəsi idi. Adamiya “Neftçi”də uğurlu çıxış edib, titullarını mənim vaxtımda qazanıb. Əlbəttə ki, baş məşqçi ilə oyunçunun birgə işinin uğurlu alınması futbolda əsas amillərdəndir”.

Mircavadov bildirib ki, Adamiya hələ bir müddət öncə onunla çalışmaq istəyirmiş. Ancaq 62 yaşlı mütəxəssisin işsiz olması həmin vaxt bunun gerçəkləşməsinə imkan verməyib: “Adamiya keçən ilin sonunda “Neftçi”dən çıxanda mənə zəng vurdu. Yenidən mənimlə birgə işləmək istəyini çatdırdı. Cavab verdim ki, qismət olsa, bu, baş verər. “Xəzər-Lənkəran”da çalışdığım vaxtda Georgini sərəncamımda görmək istəyirdim. Sadəcə, həmin dövrdə Georginin “Neftçi”də çıxış edirdi, müqaviləsi var idi. Buna görə də transfer baş tutmadı”.

Qeyd edək ki, Adamiya son mövsümdə çempion olduğu “Bakı” ilə müqaviləsini uzatmadığı üçün sərbəst futbolçu idi.
0