Moldova yığmasının hücumçusu “Xəzər-Lənkəran”a keçə bilər
18.06.2009 - 15:30
Moldova yığmasının hücumçusu “Xəzər-Lənkəran”a keçə bilər
Moldova milli komandasının hücumçusu Sergey Alekseyev karyerasını Azərbaycanda davam etdirməyə hazırdır. Apasport.az saytının məlumatına görə, 23 yaşlı futbolçu “Xəzər-Lənkəran” klubuna təklif olunub.

Hazırda da əsas yığmaya cəlb olunan Alekseyev keçirdiyi 4 oyunda 3 qol vurub. “Şerif”in yetirməsi olan Sergey bu klubda keçirdiyi (2002-04, 2007-09) 66 görüşdə 22 qol vurub. “Tiraspol”da (48 oyun, 13 qol) iki il yarım oynayan hücumçu ötən mövsümün ikinci dövrəsini “İskra-Stal”da (8 oyun) keçirib.

Alekseyev həm “Şerif”, həm də “Tiraspol”la komandalarımıza qarşı oynayıb. İmişlinin “MKT-Araz” klubu 2006-cı ildə İntertoto kubokunda çıxış etdiyi zamanı Sergey hər iki görüşdə “Tiraspol”un əsas heyətində meydana çıxıb. İmişlililərin avrokuboklarda debüt mövsümündə ilk mərhələdə mübarizənin dayandırmasının baiskarı elə Alekseyev olub.

Belə ki, Tiraspoldakı matçda məhz onun dublu (16 və 36-cı dəqiqələr) ilə meydan sahibləri 2:0 hesablı qələbə qazanaraq, “MKT-Araz”ı turnirdən kənarlaşdırıb. Alekseyev ötən ilin qışında “Xəzər-Lənkəran” “MDB və Baltikyanı ölkələrin çempionlarının Birlik kuboku”nu qalibi olduğu turnirin ¼ finalında “Şerif”in heyətində olub. 68-ci dəqiqədə meydana daxil olan Sergey komandasının oyun sonrası penaltilərlə uduzması ilə barışıb. O, bu zərbələri yerinə yetirən futbolçular sırasında olmayıb.

Qeyd edək ki, Alekseyev “Şerif”lə bir neçə dəfə ölkə çempionu olub.
0