Emin Quliyev: İqor Ponomaryovun qovulmasına sevindim
18.06.2009 - 23:00
Emin Quliyev: İqor Ponomaryovun qovulmasına sevindim
“Hələlik “Xəzər-Lənkəran” rəhbərliyindən cavab gözləyirəm. Yaxın günlərdə gələcək taleyimə aydınlıq gələcək”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Xəzər-Lənkəran” klubunun sabiq kapitanı Emin Quliyev deyib.

Bu ilin martında “Bakı” ilə ölkə kuboku uğrunda 1/4 final mərhələsinin cavab görüşündə (2:2) qırmızı vərəqə alan 32 yaşlı müdafiəçi bundan sonra komandadan çıxarıldı. “Xəzər-Lənkəran”ın sabiq baş məşqçisi İqor Ponomaryovun nizam-intizamsızlığa görə heyətdən kənarlaşdırdığı Quliyev “İnter” anlaşması ilə bağlı deyilənləri qətiyyətlə təkzib etdi: “Mətbuatda bu komandaya keçidimlə bağlı yazılanları oxudum və buna hirsləndim. Çünki haqqımda yalan məlumatlar yazıblar. İkinci dövrənin ortasında “Xəzər-Lənkəran”dan gedəndən sonra bir müddət “Olimpik”in düşərgəsində yer aldım. Ancaq bu, yalnız forma saxlamaq məqsədilə məşq prosesində iştirakdan ibarət idi. Mənim “Xəzər-Lənkəran”la hələ bir illik müqaviləm var. Rəhbərlik mənə gözləməyi məsləhət görüb”.

Lənkəran təmsilçisində çıxışını davam etdirmək istəyən Emin qayıdışının reallaşmasını gözləyir. Artıq baş məşqçi postunda edilən dəyişiklik, “Neftçi” və “Xəzər-Lənkəran”da rəhbərliyi altında oynadığı, birgə Həcc ziyarətinə getdiyi Ağasəlim Mircavadovun qayıdışı onu bu arzusunun gerçəkləşməsinə ümidləndirib: “Əlbəttə, “Xəzər-Lənkəran”da baş məşqçi dəyişikliyi mənim üçün gözlənilməz oldu. Ponomaryovun vəzifəsindən çıxarılmasına sevindim. Fikrimcə, rəhbərlik bununla bağlı düzgün qərar çıxarıb. Ponomaryov gəldi, nəticə olmadı, komanda avrokuboklardan kənarda qaldı. “Xəzər-Lənkəran”ın uğurları Mircavadovla bağlıdır. İnşallah, komandamız yenidən Mircavadovun rəhbərliyi altında uğurla çıxış edər. “Xəzər-Lənkəran”da çıxışımın davam etdirmək istəyirəm və rəhbərliyin buna imkan yaradacağına inanıram”.

Qeyd edək ki, Quliyev 2005-ci ilin yayından “Xəzər-Lənkəran”ın üzvüdür. O, bu müddətdə bir çempionluq, iki ölkə kuboku, “Birlik kuboku”nu Mircavadovun rəhbərliyi altında qazanıb. Emin milli komandamızda məhz Ponomaryovun vaxtında debüt edib.
0