“İstədiyim pulu “Xəzər” mənə vermədi”
18.06.2009 - 23:14
“İstədiyim pulu “Xəzər” mənə vermədi”
“Xəzər-Lənkəran” klubundan ayrılmaq istəyən türkiyəli futbolçu Əhməd Dursunun apasport.az saytına müsahibəsi

- Mövsüm başa çatandan sonra necə istirahət etdiniz?
- Allaha şükür, hər şey gözəl idi. Ölkə kənarında dincəlirdim, vətənə təzəlikcə qayıtmışam.

- “Xəzər-Lənkəran”la müqaviləniz başa çatıb. Bu komandada qalacaqsınız, yoxsa gedəcəksiniz?
- Anlaşa bilmədik...

- Birdəfəlik ayrıldınız?
- Bilirsiniz, mənim klubla müqaviləm başa çatıb.

- Bunu başa düşdük. Müqavilə müddətini uzadıb-uzatmamağı soruşuruq...
- Yaxın günlərdə Bakıya gəlib komandanın prezidenti Mais Mənsimovla görüşəcəyəm. Əgər pul məsələsində razılaşsaq, imza atacağam. Əks təqdirdə yox.

- Ölkəmizdə oynadığınız 4 ayda qazancınız sizi razı salırdımı?
- Yox, verdikləri pul mənə uyğun deyildi.

- Müqaviləyə yeni şərtlər daxil etmək fikrindəsiniz?
- Bəli, düz tapdınız. Biz öncə yeni şərtləri danışsaq da, anlaşa bilmədik. Çünki mənim istədiyimlə onların verdiyi məbləğ arasında çox, dağlar qədər fərq var idi. Mənsimovla anlaşsaq, qalacağam. Anlaşa bilməsək, dərhal İstanbula dönəcəyəm.

- Əvvəlki müqaviləyə görə qazancınız nə qədər idi?
- Bunu deyə bilmərəm. Elə də çox deyildi, az məbləğ idi.

- Yeni müqaviləyə görə nə qədər istəyirsiniz?
- İndiki qədər...

- Bəs indicə dediniz ki, məbləğ arasında dağlar qədər fərq var...
- Doğrudur. Qardaşım, bilirsiniz necədir? Hazırda Azərbaycan çempionatında ən yaxşı futbolçu mənəm. Deməli, mən digərlərindən daha fərqli pul almalıyam. Ancaq istədiyim paranı mənə vermədilər, bu səbəbdən də anlaşa bilmədik.

- Fərz edək ki, “Xəzər-Lənkəran”la bir illik müqavilə bağlamaq istəyirsiniz. Yəqin ki, təxminən yarım milyon dollar tələb edərsiniz, eləmi?
- Mən daha çox istədim. Amma razılaşmadılar. Təbii ki, mənə yarım milyondan az verdilər.

- Bəyəm Əhməd Dursun çox bahalı futbolçudur?
- Təbii ki.

- Ölkəmizdə qısa müddət oynasanız da, hər halda, mövsümün sonlarında futbolçu bacarığınızı göstərə bildiniz. Bir müddət qollarınızı sıraladınız...
- Mən Azərbaycana gələndən sonra iki ay futbol oynamadım. Çünki ölkənizə gələnədək məşq etmirdim, ardından da xəstələndim, zədələndim. Cəmi 10 görüşdə forma geyindim. Bunun da 3-də 5-10 dəqiqə meydanda oldum. İlk vaxtlar heç hazır deyildim. Sonra formaya düşsəm də, yenidən xəsarət aldım. Qabırğam sındı. Yoxsa daha yaxşı oyun göstərərdim.

- “Xəzər-Lənkəran”ın baş məşqçi postunda dəyişiklik edilib. İqor Ponomaryov istefaya göndərildi. Bunu necə qarşıladınız?
- Doğurdan? Ponomaryovu çıxardılar?

- Bəli, xəbəriniz yox idi?
- Ponomaryovu çıxaracaqlarını hiss etmişdim, amma bunun baş verib-vermədiyini tam bilmirdim.

- İndi Ponomaryov komandanın vitse-prezidenti təyin edilib...
- O, yaxşı adam idi. Ancaq “Xəzər-Lənkəran” üçün yetərli deyildi. Çünki bu klubun missiyası fərqlidir. “Xəzər-Lənkəran”ın daha uğurlu çıxış etməsi lazımdır. Ponomaryov uğursuz nəticə göstərdi. Bu səbəbdən də getməsi normaldır.

- Hesab edirsiniz ki, “Xəzər-Lənkəran”ın baş məşqçisi daha təcrübəli olmalıdır?
- Bəli, bəli. İqorun bəxtsizliyi üzündən komanda heç nə qazana bilmədi. Əgər şans olsaydı, məncə, problem yaranmazdı. Amma fakt budur ki, Ponomaryov uğur qazana bilmədi.

- Siz türkcə danışırsınız, Ponomaryov rusca. Onunla anlaşmaq çətin deyildi ki? Ümumiyyətlə, aranızda problem var idimi?
- Az da olsa, var idi. Ancaq sonradan bunu çözdük.

- Aranızda nə baş vermişdi?
- İlk gəldiyim vaxtda deyirdi ki, mənim üçün bütün futbolçu eynidir, filan-filan danışırdı. Əhməd Dursun, mən səni tanımıram, bu kimi sözlər dedi.

- Bəs komandada sizə qarşı münasibət necə idi?
- Fikrimcə, əla.

- Bildiyimizə görə, sizə digər təkliflər də var. Konkret olaraq, “Əskişəhərspor” klubundan.
- “Əskişəhərspor”la yanaşı, başqa Türkiyə klublarından da təkliflər var. Bundan əlavə, Özbəkistan və Yunanıstandan da ciddi təklif almışam.

- Özbəkistandan “Bunedkor” klubudur?
- Yox-yox, başqasıdır. Amma ad çəkmək fikrində deyiləm.

- Türkiyədə 1 ilə sizə nə qədər pul təklif edirlər?
- Əgər Türkiyədə oynasam, minimum 500-600 min dollar alaram.

- Siz də bunu nəzərə alaraq, “Xəzər-Lənkəran”dan bu qədər istəyirsiniz?
- Yox, “Xəzər-Lənkəran”dan fərqli para istədim. Məbləği demərəm. Bəlkə daha azdır, bəlkə də daha çox. Amma mən layiq olduğum paranı istədim.

- Bunu anlayırıq. Sadəcə, bilmək istəyirik ki, layiq olduğunuz pul təxminən nə qədərdir?
- Səncə, Azərbaycanda futbolçuya ən çox nə qədər pul verirlər?

- Bizdə bu dəqiq açıqlanmır axı. Bəs ən yaxşı maliyyə imkanına malik “Xəzər-Lənkəran”da ən çox pulu hansı futbolçu alırdı? İlə 1 milyon dollar alan var idimi?
- Yox, canım.

- Ən çox kim alırdı?
- Bilmirəm, mən də bunu sizdən öyrənmək istəyirəm.

- Azərbaycanda oynayan futbolçu 1 ilə uzağı 300-400 min dollar alar...
- Bu, çox yaxşı para imiş.

- Bəs sizə bu pulu vermirdilər?
- Yox, vermədilər.

- Belə çıxır ki, “Xəzər-Lənkəran”da oynadığınız 4 ayda bundan da az pul aldınız...
- Təbii ki.
0