Yunis Hüseynov “Karvan”ı iddiasız komanda adlandırdı
19.06.2009 - 11:58
Yunis Hüseynov “Karvan”ı iddiasız komanda adlandırdı
“Komandamızın dağılmasına inanmıram. Çünki Yevlaxda yaxşı infrastruktur, baza, stadion yaradılıb. Amma komanda çıxış etsə belə, orada fəaliyyətimi davam etdirmək fikrində deyiləm”. Bu fikirləri apasport.az saytına açıqlamasında Yevlaxın “Karvan” klubunun baş məşqçisi Yunis Hüseynov deyib.

Hüseynov dörd ildən artıq çalışdırdığı Yevlax təmsilçisinin Premyer Liqada çıxış etməyəcəyini təəssüflə qarşılayıb: “Vallah, “Karvan”ın Premyer Liqada oynamayacağını bilmirəm. Ola bilsin ki, gənc futbolçulardan ibarət komanda ilə birinci divizionda çıxış etsinlər. Əgər bu, reallaşarsa, münasibətim çox pisdir. Çünki yüksək yerlərə iddialı “Karvan” güclülər dəstəsində özünə yaxşı ad qazanmışdı. Ancaq belə vəziyyətə düşməsinin maliyyə, yaxud hansı problemlə bağlı olduğunu deyə bilmərəm. Bundan xəbərim yoxdur, klub rəhbərliyi ilə söhbətim olmayıb. Birinci divizionda çalışmaq fikrim yoxdur. “Karvan” lap Premyer Liqada çıxışını davam etdirərsə, klubla başa çatan müqaviləni uzatmağı düşünmürəm. Çünki iddiasız klubda işləmək istəmirəm”.

Xatırladaq ki, indiyədək UEFA kubokunda mərhələ adlayan yeganə komandamız olan “Karvan”ın bütün uğurları Hüseynovla bağlıdır. Belə ki, gümüş və bürünc medal, qitə miqyaslı turnirdə mərhələ adlamaq 44 yaşlı Hüseynovun vaxtında qazanılıb.
0