Böyükağa Hacıyevin variantları: Onlar qayıtdı, mən isə gözləyirəm
19.06.2009 - 15:07
Böyükağa Hacıyevin variantları: Onlar qayıtdı, mən isə gözləyirəm
“Bəlkə mənə də dəvət göndərən oldu. Düzdür, bir neçə variant var. İndi onların necə nəticələnəcəyini gözləyirəm”. Bu sözləri apasport.az saytına açıqlamasında “Bakı” klubunun sabiq baş məşqçisi Böyükağa Hacıyev deyib.

2006-cı ildə paytaxtın eyniadlı komandasına ilk çempionluğu qazandıran 51 yaşlı mütəxəssis artıq xeyli vaxtdır böyük futboldan uzaq düşüb. Hacıyevin fikrincə, artıq qayıtmaq zamanı çatıb: “Harada çalışa biləcəyimlə bağlı ad çəkmək istəmirəm. Vaxtı gələndə özünüz biləcəksiniz. Son vaxtlar Ağasəlim Mircavadov, Vaqif Sadıqov kimi mütəxəssislər yenidən iş başına qayıtdılar. Bu sevindiricidir ki, yerli məşqçilər yenidən fəaliyyətini davam etdirməyə başladı. İndi də mən qayıtmağımı gözləyirəm”.

Bir müddət futzalda çalışan Hacıyev çox keçmədən rəhbərlik etdiyi “Araz” klubu ilə yollarını ayırdı: “Təbii ki, qayıdışım futbola olacaq. Düzdür, son iş yerim futzal olub. Amma bu idman növü mənlik deyil. Elə bu səbəbdən də “Araz”dan ayrıldım ki, futbola qayıdım. İşim məşqçilikdir, elə məşqçi kimi də klubların birinə qayıdaram. Çalışacağam ki, indiyədək yığdığım reytinqi həmin klubda da doğruldum”.

Premyer Liqa təmsilçilərindən təklif gözləyən Hacıyev avrokuboklara çıxmayan komandaların onunla maraqlanacağına ümid edir: “Hazırda mövsümlərarası dövr olduğundan klublar islahatlar aparır. Avrokuboklarda iştirak edəcək komandalar istisna olmaqla, digərləri həm oyunçu, həm də heyətlə bağlı işlərlə məşğuldur. Mən də onlardan təklif alacağımı gözləyirəm”.

Qeyd edək ki, 2005/06 mövsümünün sonuna 8 tur qalmış “Bakı”nın baş məşqçi postuna keçən Hacıyev ardıcıl 8 quru qələbə sayəsində komandasını çempion etmişdi.