Braziliya milli komandası İtaliyaya oyun satacaq!
19.06.2009 - 17:02
Braziliya milli komandası İtaliyaya oyun satacaq!
Konfederasiyalar Kubokunda mübarizə aparan Misir yığmasının futbolçusu Məhəmməd Homos maraqlı açıqlama verib. Apasport.az saytının məlumatına görə, İtaliya ilə görüşdə (1:0) tarixi qələbə topunun müəllifi olan oyunçu son turda danışılmış nəticənin olacağına işarə vurub.

Belə ki, Homos son turda İtaliya və Braziliya milli komandaları arasında görüşün təmiz olacağına şübhə edir. O, ehtimal edib ki, mütləq qələbə qazanmalı olan İtaliya Braziliyanı ona lazım olan hesabla məğlub edə və bununla da yarımfinala çıxa bilər. Belə olan halda, Misir mübarizəni qrupda bitirmiş olacaq.

Qeyd edək ki, indiyədək böyük turnirlərin final mərhələsində danışılmış nəticələr olub. 2004-cü ildə Avropa çempionatının final mərhələsində İsveçlə Danimarka yığmaları öz aralarında lazım olan hesabla heç-heçə etməklə, elə İtaliyanı qrupda qoydular. İndi İtaliya Braziliyanı misal üçün 5:4 hesabı ilə yenərsə, Misirin yarımfinala yolunu bağlamış olacaq. Misirlilər son turda ABŞ yığmasını üç və daha çox top fərqi ilə məğlub edərsə, Braziliya – İtaliya görüşünün nəticəsindən asılı olmayaraq yarımfinala çıxacaq.