“Rəşad Sadıqovu çox sevirəm”
19.06.2009 - 23:22
“Rəşad Sadıqovu çox sevirəm”
Türkiyə Superliqasında mübarizə aparan “Dənizlispor” klubunun baş məşqçisi təyin edilən Erhan Altının apasport.az saytına müsahibəsi

- Ötən mövsümün ikinci dövrəsindən azərbaycanlı futbolçular - Rəşad Sadıqovla Ramal Hüseynovun heyətində yer aldığı “Kocaelispor” klubunu çalışdırdınız. Dünən üç illik müqavilə bağladığınız “Dənizlispor”u seçməyiniz nə ilə bağlıdır?
- “Kocaelispor”da yaxşı işlər gördük. Amma birinci liqaya düşən komandanın rəhbərliyi hələ də bəlli deyil. Prezident seçkiləri olmalıdır, liqada yeni mövsüm başlayır. əfsuslar olsun ki, hələ də gələcək strategiyalarını müəyyənləşdirməyiblər. Baş məşqçi kimi mənimlə danışmadılar. Belə olan halda, gələn təklifləri dəyərləndirməli oldum. Yenə Superliqada çalışmaq haqda düşünürdüm. “Dənizlispor” yaxşı tanıdığım və sevdiyim klubdur. Əvvəllər də burada çalışmışam. Böyük komanda olduğu üçün anlaşdım.

- Bizim futbolçular kimi, siz də İzmit təmsilçisinə qış fasiləsində keçib beş ay birgə çalışdınız. Onlarla işbirliyi yadınızda necə qaldı?
- Allah hamısından razı olsun. Həm Sadıqov, həm də Hüseynov yaxşı futbol oynayıb, bütün bacardıqlarını meydanda qoydular. Hər ikisini çox sevirəm. İnanıram ki, onlar da mənə qarşı belə münasibətdədirlər. Biz sevgi və diqqət sayəsində bir şeyləri bacardıq. Ancaq təbii ki, işimiz bura qədərmiş, başqa bir şey olmadığı üçün ayrıldıq.

- “Dənizlispor”un yeni mövsüm üçün hədəfləri nədir? Qarşınıza hansı vəzifə qoyulub?
- Hədəflərimiz yüksək yer tutmaq olacaq. Bildiyiniz kimi, “Dənizlispor” bir neçə ildir uğursuz çıxış edir, Superliqada yerini qorumaq uğrunda oynayır və sonda buna nail olur. Amma klub rəhbərliyi, tərəfdarları uğurlu çıxış gözləyirlər və “Dənizlispor” da buna layiqdir. İnşallah, yuxarı yerlər uğrunda oynayıb, buna nail olmağa çalışacağıq. Hazır komandadır, özəyi qurulub. Bəzi mövqeləri gücləndirib, yeni transferlər həyata keçirəcəyik.

- “Kocaelispor”da daim əsas heyətdə oynatdığınız Rəşad Sadıqovu transfer etməyi düşünürsünüzmü? Hər halda, o da Superliqada oynamaq istəyir, özünə yeni klub axtarır...
- Təbii ki, bu variant mümkündür. Rəşadla işlədiyim müddətdə heç bir problem yaşamadıq. Yenidən çalışmağımız niyə də olmasın? Yaxınlarda transfer çalışmalarına başlayırıq. Bu müddətdə Sadıqovun da məsələsinə baxacağıq.

- Sizə mərkəz müdafiəçisi lazım olsa, yaxşı tanıdığınız Rəşadla bağlı rəhbərliyə müraciət edə bilərsinizmi?
- Əlbəttə, bu, mümkündür. Sadəcə, Superliqada legionerlərlə bağlı limit var. Azərbaycanlı futbolçular da Bank Asiya Liqasından fərqli, burada legioner sayılır. İndi komandamızda əcnəbilər çoxdur və bu üzdən legioner ala bilmirik. İlk növbədə legionerlərin taleyinə aydınlıq gətirməliyik. Komandada əcnəbilərin sayını azaltmağa çalışırlar. Bu reallaşarsa, Rəşadı transfer etmək olar.

- Sadıqov “Dənizlispor”da oynamağa layiqdir?
- Təbii ki.

- Bəs mövsüm bitəndən sonra Rəşadla danışığınız olubmu?
- Yox, söhbətləşə bilmədim. Mən də ağır mövsümdən yoruldum, tətilə çıxdım. Yaxşı istirahətdən sonra iş başına qayıtdım. Bir şey olarsa, Rəşadı arayıb, onunla danışacağam.

- Rəşaddan fərqli, Ramala cəmi bir oyunda şans verdiniz. Onu daha çox kənarda qoymağınız legioner limiti ilə bağlı idi?
- Belə deyim ki, Ramal çox səviyyəli futbolçudur. Ondan nə futbolçu, nə də insan kimi narazılığım var idi. Sadəcə, Ramalı tam oynatmaq fürsəti əldə edə bilmədim. Yalnız son turda meydana buraxa bildim. Sağ olsun, o da yaxşı oynadı, etimadı doğruldu.

- Ramal həmin matçda qol vurdu. Həmin vaxt onu çox oynatmadığınıza görə peşmançılıq çəkmədiniz ki?
- Belə demək olar. “Kocaelispor” Ramalı buraxmaz.

- Sizdə belə məlumat var?
- Sadəcə, belə düşünürəm. Fikrimcə, “Kocaelispor” Hüseynovu alaraq, Bank Asiya Liqasında da oynadacaq. Əvvəl dediyim kimi, orada azərbaycanlı futbolçunun oynaması ilə bağlı məhdudiyyət yoxdur. Özü də “Kocaelispor” birinci liqanın çempionu olub, yenidən Superliqaya qayıtmağa çalışacaq. Təbii ki, Ramal da bu işdə komandaya faydalı olacaq.

- Hər halda, İzmitdə Rəşadı da istəyirlər. Sadəcə, milli komandamızın kapitanı iddialı klubda oynamaq fikrindədir...
- Elədir. Rəşad birinci liqada oynamaq istəməz. O, Superliqada çıxış etməyə iddialıdır.

- Ramal “Dənizlispor” oynaya bilərmi?
- Bacarar. Niyə oynamasın ki? Təbii ki, Ramal “Dənizlispor”da da oynaya bilər. Səviyyəli futbolçudur, potensialına yaxşı bələdəm.

- Elə isə Rəşad kimi, Ramalın da transfer edilməsi barədə rəhbərlik qarşısında məsələ qaldıra bilərsinizmi?
- Məsələ ondadır ki, Ramal orta sahə oyunçudur. İndiki komandamda onun mövqeyində çoxlu futbolçu olduğu üçün transferi mümkün olmaz.

- Amma “Dənizlispor”da Rəşadın mövqeyi ilə bağlı sıxlıq yoxdur?
- Bəli, Rəşad Sadıqov kimi müdafiəçiyə ehtiyacımız var. O, “Dənizlispor”da oynamasa belə, haqqında yüksək fikirdə olacağam. Onlara gələcək işlərində uğurlar arzulayıram. Rəşad, yaxud Ramal haqda məndən soruşsalar, onlar haqda yüksək rəy bildirəcəyəm. Onlarla maraqlanan klublara transfer etməyi tövsiyə edəcəyəm.