“İzmitdə başımı güclə saxlayırdım, ailəmi necə aparardım?” - MÜSAHİBƏ
20.06.2009 - 00:25
“İzmitdə başımı güclə saxlayırdım, ailəmi necə aparardım?”  - MÜSAHİBƏ
Müqavilə ilə “Bakı” klubuna məxsus Ramal Hüseynovun apasport.az saytına müsahibəsi

- Yenidən Türkiyəyə qayıtmağa hazırlaşmırsınız ki?
- Gözləyirəm hələlik. Türkiyəyə getmək variantı həmişə var. Menecerim Tunc Afşar türk klubları ilə danışıqlar aparır. 3-4 klub var ki, mənimlə maraqlanır. Superliqada olanlardan "Dənizlispor", "Manisaspor" və "Diyarbəkirspor" çağırıb. "Baxışa gəl" demirlər, birbaşa müqavilə təklif edirlər. Birinci liqadan da 3-4 belə komanda menecerimlə danışıb. Mən isə Azərbaycanda qalmaq istəyirəm.

- Yenidən legioner həyatı yaşamağın əleyhinəsiniz?
- Ailə vəziyyətim buna imkan vermir. 3 uşağım var, onlardan uzaq qala bilmirəm. Burda gözüm hamıya öyrəşib, kənarda olanda sıxılıram. İzmit Bakı deyil ki... Qayıtsam, Türkiyəyə məcburiyyətdən qayıdaram. Azərbaycanda qalaram yəqin.

- Niyə ailəni İzmitə aparmadın?
- Mən başımı orda güclə saxlayırdım, ailəmi necə aparardım? Son 4 ayın maaşını vermədilər. İkinci dövrədə yaxşı nəticələr qazansaq da, bir dəfə də mükafat almadıq. "Kocaelispor" ölü vəziyyətindədir. Klubun imkanı yox idi ki, bizə hər gün bazada yemək versin. Bəzən bazada, bəzən də başqa yerdə çörək yeyirdik. Başımızı güclə dolandırırdıq. Nə olsun ki Superliqada oynayırdıq, buna baxan yox idi. "Kocaelispor"u görəndən sonra bizim klublara şükür etdim. Orda desəydim ki, ailəmi də bura gətirmək istəyirəm, üzlərini çevirib gedəcəkdilər. Buna da imkanları çatmırdı. Hara aparaydım evdəkiləri? Şəhərin özü də bahaçılıqdır.

- Çox ziyana düşdünüz?
- Onsuz da Türkiyəyə pul qazanmaq üçün getməmişdim. Türkiyədə ən çox borcu olan klub "Kocaelispor" idi. Borca görə bazanın işığını da kəsmişdilər. Gündə bazada "qırğın" idi. O gəlirdi pulun istəyirdi, bu gəlirdi pulunu istəyirdi. Bir dəfə məşqdən sonra işığı kəsmişdilər, futbolçuların çoxu liftdə qalmışdı. Sponsorlar bir-bir gedirdi. Axırda məcbur olub, pendir satan şirkətlə danışıb, onun adı yazılan formada meydana çıxırdıq. "Bakı" yaxşı ki, məni "Koacelispor"a bir qəpiksiz icarəyə vermişdi, yoxsa lap "batardım". Bu altı ayda xərcim qazancımdan qat-qat çox oldu. Türkiyədə hər addımın puldur.

- Məgər bütün türk klubları "Kocaelispor"un vəziyyətindədir?
- Vallah, orda oynayanların çoxu məndən güclü deyil. Məni küsdürən Erhan Altın oldu. Komandaya ondan əvvəl getmişdim. Əvvəlki məşqçilər də, elə özü də oyunumu bəyənmişdi. Demişdi, qal, sənə şans verəcəyəm. Başqa vaxt deyirlər ki, Ramal çılğındır, əsəbidir. Mənim yerimə kim olsaydı, o haqsızlığa dözməzdi. Bütün məşqlərdə komandanın ən yaxşılarından biri mən idim. Gedəndən az sonra formaya düşmüşdüm. Yerli qəzetlər, jurnalistlər, azarkeşlər hər məşqimizdə olurdular. Deyirdilər ki, Erhan sənə qarşı düzgün etmir.

- Amma Altın sizin haqqınızda müsbət fikirdə olub...
- Özüm də bezmişdim. Hazıramsa, məşqçi məni oynatmalıdır. Gələndən 2-3 tur sonra oynamalı idim. Hər məşqdə deyirdi ki, hazırlaş, gələn dəfə meydana çıxacaqsan. "Qaziantespor"la səfər oyununa getmişik, adım da start heyətinə salınıb. Oyuna 2 saat qalmış eşidirəm ki, baş məşqçi məni "18-lik"dən də çıxarıb. Nə olur, demirlər. Səkkiz oyunda adımı iştirak ərizəsinə salıb, heç birində də şans vermədi. Altının çox qəribə xasiyyəti var. Risqə getməyə qorxur. "Hacettepe" ilə sonuncu matçda ilk qolu mən vurdum. Oyun elə gedirdi ki, kim birinci qolu vursaydı, böyük hesabla qələbə qazanacaqdı. Udduqdan sonra baş məşqçi mənə deyir ki, kaş sənə əvvəlcədən şans verəydim. Sözdü də deyir, mən ona nə cavab verəydim?

- Narazılığı ona hansısa formada bildirmirdiniz?
- Heç nə demirdim. Hərdən özümdən çıxırdım, hamıya qarşı aqressiv olurdum. Sərdar Torpaqtəpə, Taner Gülləri bir neçə dəfə baş məşqçiyə barəmdə demişdilər. Onlar da oynamağımı istəyirdi.

- Fikriniz yenidən "Bakı"nın formasını geyinməkdir?
- Onlarla 1 illik müqaviləm var. Qala da bilərəm, gedə də. "Bakı" Çempionlar Liqasına gedir. İstərdim, mən də orda olum. Əgər Hacıyevski başqa cür fikirləşirsə, qalmağın mənası yoxdur. Yenə ehtiyatda oturmaq istəmirəm.

- "Olimpik"lə danışıqlar nə yerdədir?
- Onlardan başqa, 3-4 klubdan təklif almışam. "Bakı"nın fikrini biləndən sonra digərləri arasında seçim edəcəm. Şərtlər münasib olarsa, "Olimpik"ə keçərdim. Əsgər Abdullayevə görə. Mənim bir futbolçu yetişməyimdə onun xidməti var, "Şəfa"da və Olimpiya yığmasında baş məşqçim olub. Əsgər müəllimlə gözü yumulu dil taparam.

- Türkiyədən qayıdandan sonra bir də legioner həyatı yaşamaq istəmirsiz. Sabah bu, başqa ölkələrə getməyinə də problem yarada bilər.
- Superliqanın səviyyəsini gördüm. Premyer Liqa onun yanında çempionat deyil ki! "Fənərbaxça" və "Qalatasaray"la oynamaq hara, burdakı rəqiblər hara! Türkiyədə futbolu kişi kimi oynayırlar. Komandalar meydanda bir-birini "qırır". Altı ay orda oynadım, çox şey görüb-götürdüm. Şəxsi problemlərim var, onları həll edənədək burda qalmaq istəyirəm. Sonra qismət Allahdandır. Bəzi məşqçilər var ki, məni "siyahıdan siliblər". Görərik də.