“Qalatasaray” Bakıya gəlir?
20.06.2009 - 23:00
“Qalatasaray” Bakıya gəlir?
Sabah İsveçrənin Nyon şəhərində keçiriləcək püşkatma ilə avrokuboklar mövsümünün startı veriləcək. Apasport.az saytının məlumatına görə, bir gün ərzində Çempionlar Liqası və Avropa Liqasının hər birində ilk iki təsnifat mərhələlərinin püşkü atılacaq. İyunun 30-u və iyulun 1-də ilk oyunları baş tutacaq Çempionlar Liqasının birinci təsnifat mərhələsinin cavab matçları iyulun 7-8-ə planlaşdırılıb. Növbəti iki həftədə - iyulun 9-u və 16-da Avropa Liqasının birinci təsnifat mərhələsinin qarşılaşmaları baş tutacaq. İyulun 14-15-də Çempionlar Liqası, ertəsi gün isə ikinci dərəcəli klub turnirinin növbəti mərhələsinin ilk matçları baş tutacaq. İkinci təsnifat mərhələsinin iyulun 21-23-də hər iki turnirdəki cavab görüşləri baş tutmamış isə növbəti püşkatma olacaq. Belə ki, iyulun 17-də üçüncü təsnifat mərhələlərində üz-üzə gələn komandalar bilinəcək.

Həm birinci, həm də ikinci mərhələdən yarışa qoşulan Azərbaycan klublarının rəqibləri də ayın 22-də bəlli olacaq. Çempionlar Liqasındakı təmsilçimiz “Bakı” avrokuboklardakı islahatlar nəticəsində ikinci təsnifat mərhələsindən mübarizəyə başlayacaq. Paytaxt təmsilçilərinə qədər isə 4 zəif çempionatın qalibləri münasibətini ayırd edəcək. Buradakı iki qalib və “Bakı” da daxil olmaqla, daha 32 çempion ikinci təsnifatda oynayacaqlar. Bakılılar burada zəiflərin yer aldığı səbətdə qərarlaşıb ki, bu onların daha güclü komandayla görüşməyini mümkün edir.

“Bakı”nın potensial rəqibləri arasında əvvəllər avrokuboklarda qarşılaşdığımız “Partizan”, “Dinamo”, “Hafnarfyordur”, APOEL, “Kopenhagen” və “Makkabi” kimi komandalar da var. İlk üç komanda ilə məhz Çempionlar Liqasında, digərləri ilə isə başqa qitə miqyaslı yarışlarda görüşmüşük. Bu altı komanda ilə yanaşı, BATE, “Ventspils” və “İnter” də tanış rəqiblərdir. Onlar “Birlik kuboku”nda Azərbaycan klublarının rəqibi olub. “Kalmar”a gəlincə, “Bakı”nın sabiq futbolçusu olan Anatoli Ponomaryov məhz bu komanda ilə İsveç çempionatının bürünc medalını qazanıb. “Levski” isə “Xəzər-Lənkəran”dan ayrılmaq üzrə olan İvan Svetkovu sıralarına qatmaq əzmindədir ki, bu hücumçu Azərbaycan çempionunu kifayət qədər tanıyır.

Çempionlar Liqası
I təsnifat mərhələsi
Səpələnmişlər: “Moqren Budva” (Çernoqoriya), “Sent Culiya” (Andorra)
Səpələnməmişlər: “Hibernians” (Malta), “Tre Fiore” (San Marino)

II təsnifat mərhələsi
Səpələnmişlər: “Kopenhagen” (Danimarka), “Levski” (Bolqarıstan), “Partizan” (Serbiya), “Makkabi” (Hayfa, İsrail), “Dinamo” (Xorvatiya), “Visla” (Poışa), BATE (Belarus), “Zaltsburq” (Avstriya), “Kalmar” (İsveç), APOEL (Kipr), “Stabek” (Norveç), “Slovan” (Slovakiya), “Ventspils” (Latviya), “Maribor” (Sloveniya), “Hafnarfyordur” (İslandiya), “İnter” (Finlandiya), “Ekranas” (Litva).
Səpələnməmişlər: “Bohemians” (İrlandiya), “Zrinski” (Bosniya və Herseqovina), “Debretsen” (Macarıstan), “VİT-Corciya” (Gürcüstan), “Şerif” (Moldova), “Makedoniya” (Makedoniya), “Bakı” (Azərbaycan), “Levadiya” (Estoniya), “Tirana” (Albaniya), “Aktobe” (Qazaxıstan), “Pünik” (Ermənistan), “Ril” (Uels), “Qlentoran” (Şimali İrlandiya), “Streymur” (Farer adaları), “Dudelanj” (Lüksemburq), həmçinin birinci təsnifat mərhələsinin iki qalibi.

Avropa Liqasında isə ölkəmiz heç vaxt olmadığı kimi, üç komanda ilə təmsil olunacaq. Bunlardan ikisi “İnter” və “Simurq” artıq ilk mərhələdən yarışa başlayacaq ki, onların da potensial rəqibləri məlumdur. Zəiflərin səbətində yer alan təmsilçilərimiz “Rusenborq”, “Anortosis” kimi güclü komandalarla üz-üzə gələ bilər. Buradakı potensial rəqiblər arasında da xeyli tanış komanda var. “Poloniya” Saşa Yunisoğlunun, “MTZ-RİPO” Elmar Xeyirovun sabiq komandası kimi bizə tanışdır. Onlardan başqa avrokuboklardan kənarlaşdırdığımız “Şiroki Briyeq” və Trnava “Spartak”ı da Bakıya gəlməyə namizəddir. Eyni turnirlərdə uduzduğumuz “Zimbru” və “Dinaburq”u isə keçilməz rəqib adlandırmaq düzgün olmaz. Hazırda Gürcüstanda olan “Simurq”u artıq iki dəfə yoxlama oyunlarında məğlub edən “Olimpi”, həmçinin “Zestafoni” həm zaqatalalılar, həm də “İnter”lə Avropa Liqasında da qarşılaşa bilər.

İkinci mərhələnin püşkatmasında zəiflərin səbətində qərarlaşacaq “Qarabağ” isə mübarizəyə elə buradan qoşulacaq. Püşkatma zamanı “İnter”lə “Simurq” ikinci mərhələnin zəifləri ilə də düşə bilər. Bunun üçün onların 9 ən yüksək reytinqli komanda ilə rəqib olması, sonra isə onu keçməyi lazımdır. Çünki, ikinci mərhələnin səpələnmiş komandaları daha güclüdür. Bir neçə münasib rəqib istisna olmaqla, qalanları Avropanın ortabablarıdır. “Bazel”, “Styaua” və “Qalatasaray” kimi qitə ortababları ilə düşmək heç də arzulanan deyil. Elə “Breda”, “Gent”, “Pkuş Ferreyra” və ya “Falkirk”i də püşk bizdən uzaq etsə yaxşıdır.

Avroliqada çıxış edən klublarımız

I təsnifat mərhələsi

Səpələnmişlər: “Rusenborq” (Norveç), “Anartosis” (Kipr), “Helsinqborq” (İsveç), “Motervell” (Şotlandiya), “Randers” (Danimarka), “Bney İequda” (İsrail), “Poloniya” (Varşava, Polşa), “Spartak” (Slovakiya), “Slaven” (Xorvatiya), “Rudar” (Sloveniya), “Şiroki Briyeq” (Bosniya və Herseqovina), “Haladaş” (Macarıstan), “Zimbru” (Moldova), “Sliqo Rovers” (İrlandiya), “Laxti” (Finlandiya), “Vetra” (Litva), “Dinaburq” (Latviya), “Dinamo”, “MTZ-RİPO” (hər ikisi Belarus), “Olimpi”, “Zestafoni” (Gürcüstan), “Keflavik”, “Fram” (hər ikisi İslandiya).

Səpələnməmişlər: “Renova” (Makedoniya), “İnter”, “Simurq” (hər ikisi Azərbaycan), “Trans”, “Kalyu” (hər ikisi Estoniya), “Vlajnia”, “Dinamo” (hər ikisi Albaniya), “İrtış”, “Okjetpes” (hər ikisi Qazaxıstan), “Mika”, “Banants” (hər ikisi Ermənistan), “Llanelli”, TNS (hər ikisi Uels), “Linfild”, “Lisburn” (hər ikisi Şimali İrlandiya), “B-36 Torshavn”, “NSİ Runavik” (hər ikisi Farer adaları), “Qrevenmaher”, “Karyenq” (hər ikisi Lüksemburq), “Buduçnost”, “Sutyeska” (hər ikisi Çernoqoriya), “Valletta”, “Birkirkara” (hər ikisi Malta).

II təsnifat mərhələsi
Səpələnmişlər: “Styaua” (Rumıniya), “Bazel” (İsveçrə), “Qalatasaray” (Türkiyə), “Brondbü”, “Olborq” (hər ikisi Danimarka), “Srvena Zveada”, “Sevoyno” (hər ikisi Serbiya), “Metallurq” (Donetsk, Ukrayna), “Jilina” (Slovakiya), “Tromse” (Norveç), “Rapid” (Avstriya), “Pakuş Ferreyra” (Portuqaliya), “Breda” (Hollandiya), “Elfsborq” (İsveç), “Larisa” (Yunanıstan), “Falkirk” (Şotlandiya), “Çerno More” (Bolqarıstan), “Gent” (Belçika), “Siqma” (Çexiya), “Legiya” (Polşa), “Şturm” (Avstriya), “Dinamo” (Tiflis, Gürcüstan), “Makkabi” (Netanya, İsrail), “Omoniya“ (Kipr), “Sent Patriks”, “Derri Siti” (hər ikisi İrlandiya), “Novo Qoritsa” (Sloveniya), “Riyeka” (Xorvatiya), HİK, “Honka” (hər ikisi Finlandiya), “Rabotniçki” (Makedoniya), birinci təsnifat mərhələsinin 9 qalibi..

Səpələnməmişlər: “Suduva”, “Kaunas” (hər ikisi Litva), “Skonto”, “Metallurq” (hər ikisi Latviya), “Naftan” (Belarus), “Sarayevo”, “Slaviya” (hər ikisi Bosniya və Herseqovina), “Uypeşt” (Macarıstan), “Daçiya”, “İstra-Stal” (hər ikisi Moldova), “Reykyavik” (İslandiya), “Vaduts” (Lixtenşteyn), “Milano” (Makedoniya) , “Qarabağ” (Azərbaycan), “Flyanurtari” (Albaniya), “Flora” (Estoniya), “Tobol” (Qazaxıstan), “Qandzasar” (Ermənistan), “Banqor Siti” (Uels), “Differdanj” (Lüksemburq), “Kruzaders” (Şimali İrlandiya), “Torshavn” (Farer adaları), OFK (Çernoqoriya), “Santa Koloma” (Andorra), “Slima Uonderers” (Malta), “Yuvenes Doqana” (San-Marino), birinci təsnifat mərhələsinin 14 qalibi.

Qeyd edək ki, Nyonda keçiriləcək Çempionlar Liqasının ilk iki mərhələsinin püşkatma saat 15:00-da başlayacaq. Avropa Liqasının püşkü isə 16:30-da atılacaq.
0