Lion “Olimpik”inin futbolçusu rəsmən Bakı “Olimpik”ində!
20.06.2009 - 11:31
Lion “Olimpik”inin futbolçusu rəsmən Bakı “Olimpik”ində!
Bakının “Olimpik-Şüvəlan” klubu daha bir futbolçunun transferini reallaşdırıb. Apasport.az saytının məlumatına görə, bakılılar daha bir legionerlə müqavilə bağlayıb. Fransada yaşayan türk əsilli yarımmüdafiəçi Endər Günlü bundan sonra “Olimpik-Şüvəlan”ın formasını geyinəcək. Artıq onunla münasibətləri rəsmiləşdirən paytaxt təmsilçisi 2 il müddətində orta sahə oyunçusunun xidmətindən yararlanacaq.

1984-cü il təvəllüdlü Endər Lion “Olimpik”inin yetirməsidir. Onun ilk peşəkar klubu İsveçrə çempionatının 2-ci dəstəsində mübarizə aparan “Etual” olub. 2003-2005-ci illərdə bu komandanın şərəfini qoruyan türk futbolçu sonra İspaniyaya üz tutub. O, bu ölkənin 2-ci dəstə təmsilçisi “Oruvela” komandasının şərəfini qoruyub. 2007-2008-ci illər ərzində isə Türkiyədə top qovub. “Adanadəmirspor”a (2-ci dəstə) transfer olunan Endər Tunisdə də legioner həyatı yaşamağa vaxt tapıb. Belə ki, yarımmüdafiəçi 2008-ci ildə Tunisin güclülər dəstəsində mübarizə aparan “Qafsa”nın heyətində çıxış edib. Bu ilin yanvarında isə İsveçrəyə dönərək 3 ay ərzində aşağı dəstə təmsilçisi “Rasing Ceneve”də top qovub.
0