“Dənizlispor” rəsmisi: Sadıqov müdafiədəki çatışmazlığı aradan qaldıracaq - YENİLƏNİB
20.06.2009 - 13:09
“Dənizlispor” rəsmisi: Sadıqov müdafiədəki çatışmazlığı aradan qaldıracaq - YENİLƏNİB
Türkiyə Superliqasında mübarizə aparan “Dənizlispor” klubu aşağı dəstəyə yuvarlanan “Kocaelispor”un üç futbolçusunu sıralarına qatmaq istəyir. Apasport.az saytının məlumatına görə, İzmit təmsilçisinin sabiq baş məşqçisi Erhan Altın “Dənizlispor”un sükanı arxasına keçdikdən sonra Azərbaycan milli komandasının kapitanı Rəşad Sadıqovu da transfer siyahısına daxil edilməsinə nail olub. Türkiyə mətbuatı 27 yaşlı müdafiəçi ilə sabiq komanda yoldaşları Murat Hacıoğlu və Mazuva Nsumbunun bu siyahıda yer aldığını iddia edir. Lakin Rəşaddan fərqli, bu iki oyunçunun transferləri ilə bağlı danışıqlara artıq start da verilib.

Bu arada Türkiyənin “Fotomaç” qəzeti tərəflər arasında prinsipial razılığın əldə olunduğunu yazıb. “Dənizlispor”un baş meneceri Özhan Çetin də Rəşadın faydalı transfer olacağından danışıb: “Təcrübəli oyunçu olan Rəşad ötən mövsüm nəyə qadir olduğunu göstərdi. Onun bizim komandaya da böyük xeyir gətirəcəyini düşünürük. Ən əsası isə o müdafiədə bacarıqlı oyun göstərir. Bu isə o deməkdir ki, ən böyük çatışmazlığımızı aradan qaldıracaq”.

Qeyd edək ki, Altın apasport.az saytına eksklüziv müsahibəsində Rəşadın transferini klub rəhbərliyi ilə müzakirə edəcəyini bildirmişdi.
0