Vladimir Maslaçenko da “Neftçi”yə şər atdı: Onlar Bakıda oyun satmışdılar
22.06.2009 - 10:46
Vladimir Maslaçenko da “Neftçi”yə şər atdı: Onlar Bakıda oyun satmışdılar
“Komandamızda iki futbolçu var idi ki, onlar Bakıda oyun satmışdılar. Həmin mövsümdə “Spartak” 4-cü yeri tutdu, bakılılar isə ilk dəfə SSRİ çempionatında mükafatçı oldu”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Moskva “Spartak”ının və SSRİ yığmasının sabiq qapıçısı Vladimir Maslaçenko Rusiya mətbuatına müsahibəsində deyib.

Anatoli Bışovetsin ardınca, Maslaçenko da 1966-cı ildə “Neftyanik” adlanan Bakının “Neftçi” klubuna ləkə yaxıb. Həmin mövsümün son turunda Bakıda Maslaçenkonun qapısını qoruduğu “Spartak”ı böyük hesabla məğlub edən (3:0) komandamız bununla da rəqibi qabaqlayaraq, 3-cü olmuş və SSRİ çempionatının bürünc medalını qazanmışdı. Maslaçenkonun oyun verməkdə ittiham etdiyi futbolçuların adlarını çəkməsə də, bunlar müdafiənin mərkəzində çıxış edən Valeri Dikarevlə Vladimir Meşeryakov nəzərdə tutulur. Dikarev də “Neftçi”nin yetirməsi olub: “Spartak”ın həmin mərkəz müdafiəçilərinin sifətində qeyri-səmimi təəssüf var idi: “Ah, mən necə də belə səhv etdim! Birincinin top ayağında olduğu halda, o, bunu yana vurur və arxada dayanan rəqib sanki qulağının yanından topdan atəş açır. Nəsə etmək faydasız idi. Çünki, bu qapının beş addımlığında idi. İkinci futbolçu isə hücum etmək əvəzinə oyunçunu buraxdı. O da qol vurdu. Bax, onda mən başa düşdüm ki, nəsə başqa şeylər baş verir”.

Veteran qapıçı baş verənləri görəndən sonra qapısını tərk edərək, Meşeryakova yaxınlaşıb: “Ona dedim ki, eşit, belə davam edərsə, səni cəza gözləyir. O, isə yumruğunu sıxaraq, mənə belə dedi: “Bizdən əl çəkməsən, səni burada oyundan sonra doğrayarlar!” Bundan sonra öz-özümə dedim ki, indi mənə hər şey gün kimi aydındır...”.

Maslaçenko həmin komanda yoldaşlarının oyundan sonrakı taleyinə də toxunub: “Onları məhkəməyə verib heç bir şeyi sübut edə bilməzdim. Buna görə də mən yalnız komanda yoldaşlarımı bərk danladım. Sonradan deyilənə görə, onlardan biri artıq başqa klubda guya ilişib. Belə ki, o, rəqibə qələbə qazanmaq üçün kömək etməyə hazır imiş, ancaq bu iş əvvəldən üzə çıxarılıb və onu heyətdən çıxarıblar”.