İspaniya yığması, Del Boske və Vilya: seriyalara davam
22.06.2009 - 11:00
İspaniya yığması, Del Boske və Vilya: seriyalara davam
Konfederasiyalar Kubokunda növbəti qələbəsini qazanan İspaniya milli komandası yeni dünya rekordu müəyyənləşdirib. Apasport.az saytının məlumatına görə, son Avropa çempionları CAR-ı məğlub etməklə, ardıcıl 15-ci qələbəsini qazanıb. Sonuncu dəfə ötən il Avstriya və İsveçrədə keçirilən qitə birinciliyinin 1/4 finalında qalib gələ bilməyən ispaniyalılar həmin görüşdə İtaliya ilə qolsuz heç-heçə etmişdi.

Ötən ilin bu günkü tarixində İtaliya ilə matçın taleyini penaltilər seriyası həll etmişdi. Qitə birinciliyinin növbəti iki matçında, həmçinin titulun sahibi kimi meydana çıxdıqları 13 görüşdə isə pireneylilər qələbələri sıralayır. Son 13 matçda komandaya başçılıq edən Visente del Boske isə baş məşqçi kimi yığmanın heç-heçəsinə belə şahid olmayıb. Hamısı qələbə ilə bitən son 15 qarşılaşmada 39 dəfə fərqlənən pireneylilər bu bir ildə cəmi iki top buraxıb. Belçikalı Sonk və türkiyəli Semihdən başqa heç kim Avropa çempionlarının qapısına yol tapmayıb.

Türkiyə ilə görüşdən sonra isə İspaniya üçün Konfederasiyalar Kuboku, biri Bakıda olmaqla 4 matçdır qol da buraxmır. CAR-la qarşılaşmayadək qələbə seriyasına görə Avstraliya (27.10.96–22.11.1997), Braziliya (10.06-14.12.1997) və Fransa (29.03.2003-31.03.2004) ilə şərik olan İspaniya onları arxada qoya bildi.

Avropa çempionlarının məğlubiyyətsiz oyunlar seriyası isə 35-ə çatıb. Sonuncu dəfə 2006-cı il noyabrın 15-də öz meydanında Rumıniyaya uduzan İspaniya iki il yeddi ay ərzində keçirdiyi qarşılaşmalarda heç kimə uduzmamaqla, Braziliyanın rekordunu təkrarladı. Cənubi amerikalılar penaltilər seriyaları nəzərə alınmamaqla, 1993-cü il noyabrın 17-dən (Almaniyaya 1:2) 1996-cı il yanvarın 21-ə (Meksikaya 0:2) qədər məğlubiyyətsiz oyunlar seriyasına malik olub.

Quru oyunlar seriyasını iyunun 9-da Bakıda keçirilən Azərbaycan milli komandası ilə qarşılaşmada başlayan və artıq 4 görüşdür qol buraxmayan İspaniya yığması üçün ölkəmizdəki matç daha bir hadisə ilə əlamətdardır. Belə ki, Avropa çempionlarının tarixində ikinci bombardir olan David Vilyanın ayağı məhz Bakıda “açılıb”. 28 yaşlı hücumçu həmin oyunda nəzərə alınmaqla, 4 matçdır meydanı qolsuz tərk etmir. Konfederasiyalar Kubokunun bütün qarşılaşmalarında qol vurmağı bacaran yeganə futbolçu son 12 gündə yığmada 6 qol vurub.