“Trabzonspor” klubunun meneceri: Berti Foqtsla maraqlanmamışıq! - MÜSAHİBƏ
22.06.2009 - 12:20
“Trabzonspor” klubunun meneceri: Berti Foqtsla maraqlanmamışıq! - MÜSAHİBƏ
“Trabzonspor” klubunun meneceri Caner Çuvalcıoğlunun apasport.az saytına eksklüziv müsahibəsi

- Bildiyimizə görə, yeni baş məşqçi axtarırsınız. Mətbuatda Azərbaycan yığmasının almaniyalı çalışdırıcısı Berti Foqtsla maraqlandığınız, ona təklif göndərdiyinizlə bağlı informasiya yer alıb. Bu məsələyə aydınlıq gətirməyinizi istərdik...
- Berti Foqtsu komandamızın baş məşqçi postuna gətirmək fikrimiz yoxdur. Nə onun özü, nə də meneceri ilə danışmışıq. Sadəcə, Foqts bizə bir menecer tərəfindən təklif edilmişdi, vəssalam.

- Bəs həmin menecer kim idi?
- Türkiyədə çalışan birisi...

- Xəbərdə bildirilir ki, Foqtsa illik bir milyon avro təklif etmisiniz...
- Xeyr, yalandır.

- Nəyə görə Foqts kimi tanınan mütəxəssislə əməkdaşlıq etməkdə maraqlı deyilsiniz?
- Çünki klublarda az çalışıb. Əsasən milli komandalarda işləyib. Bizə isə daha çox klublarda işləmiş mütəxəssis lazımdır. Foqtsda belə təcrübə yetərincə olmadığı üçün onu gətirməyi heç düşünmədik. Onunla yanaşı, həmyerliləri Lotar Matteus, Yurgen Klinsmanla da əməkdaşlıq etməyi fikirləşmədik. Həmin mütəxəssislər daha çox yığma məşqçiləri kimi tanınırlar. Bu səbəbdən Foqts da daxil olmaqla, həmin alman məşqçilərlə heç maraqlanmadıq.

- Sizə yalnız alman məşqçilər təklif olunmuşdu, yoxsa?
- Bizim üçün məşqçinin milliyyəti, onun alman, yaxud ingilis olmasının fərqi yoxdur. Əvvəl dediyim kimi, bizə klublarda işləmək təcrübəsi böyük olan mütəxəssis lazım idi. Foqts isə bu planda komandamıza uyğun gəlmədi. Buna görə də onun özü, yaxud meneceri ilə dialoqa girməyi lazım bilmədik.

- Berti Foqtsu sizə öz meneceri təklif etmişdi?
- Yox, belə bir şey olmayıb.

- Azərbaycan Futbol Federasiyaları Assosiasiyası ilə bağladığı müqaviləyə əsasən, Foqtsun cari ilin sonunadək müqaviləsi var ki, bu da təzminat məsələsini gündəmə gətirir. Bu, problem olmasaydı, yəni Foqts sərbəst olsaydı, onunla əməkdaşlıq haqda fikirləşərdiniz?
- Bu, bizim üçün önəmli məsələ deyildi. Çünki Foqts istəklərimizə cavab vermədiyindən, onunla ümumiyyətlə, maraqlanmadıq.

- Bəs indi baş məşqçi postuna kimi gətirməyi düşünürsünüz?
- Bunu artıq müəyyənləşdirmişik. Belçikalı mütəxəssislə sabah anlaşacağıq.