İkinci mərhələnin qapazaltısı: “Ekranas” - FOTO
22.06.2009 - 15:46
İkinci mərhələnin qapazaltısı: “Ekranas” - FOTO
“Bakı”nın Çempionlar Liqasındakı rəqibi olan Litvanın “Ekranas” klubu bu il yubileyini qeyd edir. Apasport.az saytının məlumatına görə, 1964-cü ildə yaranan 45 yaşlı komanda ilk uğurunu 21 il sonra qazanıb. 1985-ci ildə Litva çempionu olan Panevejis şəhəri təmsilçisi 1991-ci ildən başlayaraq, müstəqil Litva birinciliklərinin daimi iştirakçısıdır. 20-ci yubiley çempionatında 12 turdan sonra 27 xalla ikinci pillədə qərarlaşan “Ekranas” əvvəlki 19 mövsümdə kifayət qədər titul qazanıb. Cari mövsümdə 8 qələbə, 3 heç-heçə və 1 məğlubiyyəti olan rəqibimiz 22 top vurub 9-unu buraxaraq, lider “Suduva”dan bir xal geri qalır.

1993, 2005 və 2008-ci illərdə ölkə çempionu adını qazanan panevejislilər 1998 və 2000-ci illərdə Litva kubokunun, 1998 və 2006-cı illərdə Superkubokun sahibi olub. Daha üç dəfə çempionatın gümüş, 4 dəfə bürünc mükafatı “Ekranas”ın olub.

1993 və 2009-cu illərdə “Birlik kuboku” turnirinə yollanan “Ekranas” tarixi ərzində bu turnirdə uduzmayıb. Onlar müvafiq olaraq yarımfinal və ¼ finaladək irəlilədiyi turnirlərdə penaltilər seriyasında mübarizəni dayandırıb.

Ötən ilin ortalarından baş məşqçi postuna Valdas Urbonası gətirən Panevejis təmsilçisi ev oyunlarını cəmi 4 min tamaşaçı tutan “Aukştaitiya” stadionunda keçirir.

Avrokuboklarda 11 dəfə çıxış edən “Ekranas” 4 dəfə mərhələ adlaya bilib ki, bu da onların 30 oyun keçirməsinə imkan verib. Son üç ildə ardıcıl olaraq mərhələ adlayan rəqibimiz ikinci mərhələdə qapazaltı olmaqla yadda qalıb. Ümumilikdə, 9 qələbə, 6 heç-heçə və 15 məğlubiyyəti olan rəqibimiz top fərqində də geridir – 33:54.

Qeyd edək ki, “Ekranas” ikinci təsnifat mərhələsinin səpələnmiş 17 komandası arasında ən aşağı reytinqə malik komanda idi. Bu isə “Bakı”nın ən münasib rəqiblə qarşılaşması deməkdir.

Çempionlar liqası
1993/94. “Floriana” (Malta) 0:1 0:1 (ilk oyun evdə)

Kuboklar Kuboku
1998/99. “Apollon” (Kipr) 1:2 3:3 (ilk oyun evdə)

İntertoto kuboku
1999/2000. “Çaxlaul” (Rumıniya) 0:1 0:1 (ilk oyun səfərdə)

UEFA kuboku
2000/01. “Lyers” (Belçika) 0:3 0:4 (ilk oyun evdə)

İntertoto kuboku
2001/02. “Artmedia” (Slovakiya) 1:1 1:1 pen – 4:5 (ilk oyun evdə)

UEFA kuboku
2003/04. “Debretsen” (Macarıstan) 1:1 1:1 pen – 2:3 (ilk oyun evdə)

UEFA kuboku
2004/05. “Dudelanj” (Lüksemburq) 1:0 2:1 (ilk oyun evdə)
“Odd Qrenland” (Norveç) 1:3 2:1 (ilk oyun səfərdə)

UEFA kuboku
2005/06. “Kork siti” (İrlandiya) 0:2 1:0 (ilk oyun evdə)

Çempionlar Liqası
2006/07. “Elbasani” (Albaniya) 0:1 3:0 (ilk oyun səfərdə)
“Dinamo” (Xorvatiya) 1:4 2:5 (ilk oyun evdə)

UEFA kuboku
2007/08. B-36 (Farer adaları) 3:1 3:2 (ilk oyun səfərdə)
“Valarenga” (Norveç) 1:1 0:6 (ilk oyun evdə)

İntertoto kuboku
2008/09. “Narva” (Estoniya) 1:0 3:1 (ilk oyun evdə)
“Rusenborq” (Norveç) 1:3 0:4 (ilk oyun evdə)