Georgi Nikolov: “Spartak”ı zəif rəqib saymıram, şanslar bərabərdir
22.06.2009 - 15:50
Georgi Nikolov: “Spartak”ı zəif rəqib saymıram, şanslar bərabərdir
“Açığı, “Spartak”ı zəif rəqib saymıram. Düzdür, hər halda, bu, çəkindiyimiz Norveçin “Rusenborq” klubu deyil. İstənilən halda, “Spartak”ın Avropada öz yeri olan Slovakiya təmsilçisi olduğunu unutmaq olmaz”. Bu fikirləri apasport.az saytına açıqlamasında Azərbaycanı Avroliqada təmsil edəcək Bakının “İnter” klubunun prezidenti Georgi Nikolov deyib.

Turnirdə Slovakiyanın “Spartak” (Trnava) klubu ilə görüşəcək komandamızın rəhbər şəxsi püşkün nəticəsini elə də münasib saymır: “Slovakiya Mərkəzi Avropa futbolunun təmsilçidir. Onlar atletik futbola üstünlük verirlər, heyətində yaxşı fiziki göstəricilərə malik futbolçular çoxdur. Elə indi rəqib haqda məlumatlarla tanış oluram. Deyə bilərəm ki, “Spartak”da əsasən Çexiya və Slovakiya futbolçuları yer alıb. Çexlər uzun müddət slovaklarla bir ölkəni təmsil edirlər. Legionerlərdən serbiyalı qapıçı və afrikalı hücumçu diqqətimi cəlb etdi. Serb İvitsa Kralın 36 yaşı var, böyük təcrübəyə malik qapıçıdır. Uzun müddət milli komandada, böyük mötəbər turnirlərdə oynayıb. Zəngin Avropa karyeraya malikdir, “Portu” və PSV kimi klublarda oynayıb”.

Avrokuboklarda ötən mövsüm debüt edən “İnter” Çempionlar Liqasının ilk təsnifat mərhələsində Makedoniyanın “Rabotniçki” klubunu yenə bildi. Nikolov mərhələdə adlamaq baxımından ötən ilki uğuru təkrarlamaq istəyir: “Düzdür, bu, elə asan olmayacaq. Demək olmaz ki, zəif rəqiblə düşmüşük. “Spartak”la oyunda asan gəzinti olmayacaq. Açığı, bu haqda düşünmürük də. Doğrudur, rəqib elə də zəngin tarixə malik deyil, elə də böyük uğurları yoxdur. Rəqib haqda müəyyən ilkin məlumatımız var. “Karvan”ın bu komanda ilə “Şəfa” ilə stadionunda məğlub etdiyi oyunu yadımdadır. Hesab edirəm ki, şanslar bərabərdir. İlk oyunu səfərdə keçirməyimiz bizim üçün əlavə üstün sayıram”.