“Ekranas”ın baş məşqçisi “Bakı”ya mesaj göndərdi
22.06.2009 - 16:08
“Ekranas”ın baş məşqçisi “Bakı”ya mesaj göndərdi
Çempionlar Liqasında “Bakı”nın rəqibi olan Litvanın “Ekranas” klubunun baş məşqçisi Valdas Urbanasın apasport.az saytına eksklüziv müsahibəsi

- Püşkün nəticəsini necə dəyərləndirərdiniz?
- Püşk elə püşkdür. Kiminlə düşəcəkdik, onunla da oynamalı idik. Bəxtimizə “Bakı” düşübsə, deməli, qüvvəmizi sınamalıyıq. Komandanızla matça hazırlaşıb, mübarizədən kənarlaşdırmağa çalışacağıq. Biz ikinci təsnifat mərhələsinə keçmək istəyirik.

- “Bakı”nı çalışdıran makedoniyalı həmkarınız Qyoko Hacıyevski püşkün nəticəsindən razı qalıb və “Ekranas”ı münasib rəqib sayır. Bəs siz necə?
- İndi əsas məsələ rəqib haqda daha çox informasiya toplamaqdır. Bundan sonra deyə bilərsən ki, bu, güclü, yoxsa zəif komandadır. Buna görə də rəqibin hansı gücə malik olmasını demək üçün hələ gözləmək lazımdır. Biz hər bir rəqibə hörmət edirik.

- Siz püşkdə “Bakı” ilə düşməyi uğurlu saymırsınız?
- Yox. Mən püşkün nəticəsini fakt kimi qəbul edirəm, daha bunun uğurlu, yaxud uğursuz olması kimi yox.

- Rəqib haqda hansı məlumata maliksiniz?
- Hələ komandanız haqda çox informasiyam yoxdur. Buna görə də bu işlə məşğul olmalıyıq.

- Bəs Azərbaycan futbolu haqda məlumatınız necədir?
- Onu bilirəm ki, futbolunuzun səviyyəsi qalxır. Ölkənizdə çoxlu legionerlər oynayıb. Onlar arasında litvalılar, yəni həmyerlilərimiz də olub. Bütün bunlar onu göstərir ki, futbolunuza çoxlu pul qoyulur. Bu, həm infrastruktura, həm də klublara aiddir. Bakının “İnter” klubunu “MDB və Baltikyanı ölkələrin çempionlarının Birlik kuboku” turnirində görmüşəm.

- “İnter”in oyunu xoşunuza gəldi?
- Bəli. Ciddi, güclü komandadır, heyətində çoxlu legionerlər var. Görürəm ki, bir səviyyədir.

- Litva və Azərbaycan futbolu eyni səviyyədədir, yoxsa siz bizdən bir az qabaqdasınız?
- Belə deməzdim. Demək olar ki, eyni səviyyədəyik. Litvalıların Azərbaycanda oynaması onu göstərir ki, bizimkilərin səviyyəsi ölkənizə uyğun gəlir.

- Yeri gəlmişkən, hazırda komandanızda çıxış edən litvalı Valdas Trakis vaxtilə Azərbaycanda, elə “İnter”də oynayıb...
- Doğrudur, bunu bilirdim. Trakis hazırda bizim komandanın üzvüdür, pis də oynamır.

- Trakisin vaxtilə “Bakı”ya qarşı oynadığını nəzərə alsaq, o, məlumat əldə etmək baxımdan sizə yardımçı ola bilər...
- Bəli. Onunla “Bakı” haqda danışarıq. İstənilən halda, informasiya yığmalı, rəqibin oyunlarını izləməlisən. Baxaq görək necə olacaq.

- “Bakı” ilə ilk oyunu evdə keçirəcəksiniz. Sizcə, bu, yaxşıdır, yoxsa?
- Fikrimcə, normaldır. Əlbəttə, istərdim ki, cavab görüşünü öz meydanımızda keçirək. Bu, daha yaxşı olardı. Əvvəl dediyim kimi, bütün bunlar faktdır və yaxşı-pis olduğunu iki oyundan sonra deyə biləcəyik.

- Azərbaycan milli komandası ötən ilin martın 26-da Vilnüsdə Litva yığması ilə yoldaşlıq görüşü keçirdi və qarlı havada keçirilən həmin oyunda 0:1 hesabı ilə uduzdu. Həmin görüşü izləmisinizmi?
- Bəli, komandanız bu oyunda pis təsir bağışlamadı. Yığmanızın səviyyəsi xoşuma gəlib. Texnikalı futbol təbliğ edirsiniz. Azərbaycan komandası ilə düşməyimiz normaldır və növbəti mərhələyə çıxmağa çalışacağıq.

- Necə hesab edirsiniz, şanslar nə qədərdir?
- Mən şanslar haqda fikir bildirməyi məqsədəuyğun saymıram. Hələ ki bu haqda danışmasan, daha doğru olar.