“İnter”in çəkindiyi rəqib 5 ildir qələbə qazanmır!
22.06.2009 - 16:12
“İnter”in çəkindiyi rəqib 5 ildir qələbə qazanmır!
Avropa Liqasında “İnter”in rəqibi olacaq Slovakiyanın “Spartak” klubu tarixində ikinci dəfə Bakıya gələcək. Apasport.az saytının məlumatına görə, Trnava təmsilçisi 2006/07 mövsümündə də UEFA kubokunda mübarizə aparan komandamızın – “Karvan”ın rəqibi olmuşdu. Həmin vaxt tarix yazmaqla, bu turnirdə mərhələ adlayan ilk komanda olan Yunis Hüseynovun yetirmələri əvvəl Bakı, sonra Trnavada minimal hesablı qələbələr qazanmışdı. İlk oyunda Xalid Muradov, cavab matçında isə Süleyman Kamaranın qolu ilə təmsilçimiz qalib gəlmişdi. Bu səbəbdən kifayət qədər tanış olan “Spartak”ın keçmişi çox zəngindir. 1923-cü ildə yaranan Trnava təmsilçisi hələ Çexoslovakiya dövründə 5 dəfə çempion, 5 dəfə kubok qazanıb.

“Spartak”in tarixinin qızıl dövrü ötən əsrin 70-ci illəri ilə bağlıdır. 1968/69 mövsümündə Çempionlar Liqasının yarımfinalınadək yüksəlib gələcək qalib “Ayaks”a uduzan “Spartak” 1972/73 və 1973/74 mövsümlərində avrokubokların 1/4 finalınadək irəliləyib. Lakin müstəqillik illəri komanda üçün uğursuz olub. Ölkə çempionatlarında 434 oyun keçirib, 208 qələbə qazanıb, 104 heç-heçə edib, 122 dəfə uduzan Trnava təmsilçisi 651 qol vurub 478-ni buraxıb. Slovakiya çempionatında ən yaxşı nəticəni 1997/98 mövsümündə əldə edən trnavalılar çempionluğu son turlarda əldən verib

Avrokuboklarda isə 66 matç keçirən “Spartak” 28 qələbə qazanıb 14 heç-heçə edib və 24 dəfə uduzub. Onların top fərqi 95-79-dur. Müstəqillik dönəmində ən yaxşı halda 2 mərhələ adlayan rəqibimiz elə 2004/05 mövsümündəki həmin uğurundan sonra qələbəyə həsrətdir. Həmin mövsümün son iki oyununda, üstəlik daha iki turnirin iştirakçısı olan trnavalılar uğursuzluğa düçar olub. Belə ki, qitə kuboklarındakı son 6 matçda “Spartak” rəqibini məğlub etməyib.

Slovakiyanın son çempionatında “Spartak” 33 oyuna 55 xal toplayaraq çempiondan 15 xal geri qalıb. Həmin çempionatın bürünc mükafatçısı ev oyunlarını anton Malatinski adına stadionda keçirir. Bu arena 18448 tamaşaçı tutur. “Qara-qırmızılar”ı hazırda Karol Peçe çalışdırır.