Março Dafçevin əzdiyi komanda “Simurq”a qarşı
22.06.2009 - 16:54
Março Dafçevin əzdiyi komanda “Simurq”a qarşı
Avropa Liqasında debüt edəcək “Simurq”un rəqibi də özü kimi beynəlxalq təcrübəyə malik olmayan İsrailin “Bney İequda” klubudur. Apasport.az saytının məlumatına görə, yəhudilər tarixi ərzində yalnız bir dəfə Avropa kuboklarında oynayıb. 2006/07 mövsümündəki bu siftəni isə “Neftçi”nin futbolçusu Março Dafçev və yoldaşları korlayıb.

Həmin vaxt vətəni Bolqarıstanın “Lokomotiv” (Sofiya) klubunda oynayan yarımmüdafiəçi “Bney İequda” ilə ilk matçdakı ilk qolu vurub darmadağının təməlini qoydu. İki oyunun cəmində isə 6:0 hesabı ilə qalib gələn bolqarlar səfərdə 2:0, evdə 4:0 qalib gəldi.

1936-cı ildə yaranan Təl-Əviv təmsilçisi ən böyük uğurunu 1989-90 mövsümündə qazanıb. Həmin il ölkə çempionu olan rəqibimiz 1968 və 1981-ci illərdə İsrail kubokunu başı üzərinə qaldırıb.

Baş məşqçisi Qay Luzonun yetirmələri ötən mövsüm İsrail çempionatında beşinci yeri tutub. Rəqibimiz ev oyunlarını 20 min tamaşaçı tutan Blomfild stadionunda keçirir.