Aslan Kərimov: Püşkdə bəxtimiz gətirmədi
22.06.2009 - 17:23
Aslan Kərimov: Püşkdə bəxtimiz gətirmədi
“Çox güman ki, Avroliqada “Rusenborq”la görüşəcəyik. Düzdür, futbolda hər şey ola bilər. Ancaq hər halda, norveçlilərin Farer adalarının “NSİ Runavik” klubunu keçəcəyi şübhə doğurmur”. Bu fikirləri apasport.az saytına açıqlamasında Ağdamın “Qarabağ” klubunun kapitanı Aslan Kərimov deyib.

36 yaşlı yarımmüdafiəçi çıxış edəcəkləri Avroliqada püşkün nəticəsindən elə də razı qalmayıb: “Demək olar ki, püşkdə bəxtimiz gətirmədi. “Rusenburq”u tanıtmağa elə də ehtiyac yoxdur. Bu komanda dəfələrlə ölkə çempionu, Çempionlar Liqasında qrup mərhələsində oynayıb. Ancaq digər tərəfdən, “Rusenborq”un son 5-6 ildə hansı səviyyədə olduğunu, necə oynadığını bilmirik. Buna komandanın son oyunlarını, elə Farer adaları təmsilçisi ilə görüşlərini izlədikdən sonra fikir yürütmək olar. Ancaq istənilən halda, “Rusenborq” güclü rəqibdir və bizə çox çətin olacaq”.

Milli komandamızda ən çox oyun (80) keçirən, uzun müddət yığmada da kapitan sarğısını daşıyan Kərimov ilk oyunu səfərdə keçirməyi üstünlük sayır: “Çox şey rəqib meydanında keçirəcəyimiz görüşdən asılı olacaq. Əgər səfərdən münasib nəticə ilə dönsək, mərhələ keçməyə ümid etmək olar. Hesab edirəm ki, hazırkı fasilə müddətində transfer siyasətimiz çox uğurla keçdi. Gənc, perspektivli yerli futbolçular, yığma üzvlərini transfer etmişik. Onlar bizə qitə miqyaslı turnirdə komandaya kömək edə və bu siyasət uğurlu çıxışımıza təkan verə bilər. Fikrimcə, “Rusenborq”a Bakıda elə də asan olmayacaq. Bu, həm azarkeş, həm də hava amili ilə bağlıdır. Həm güclü azarkeş dəstəyimiz, həm də isti hava şəraitində norveçlilərə çətin anlar yaşada bilərik”.

Qeyd edək ki, “Qarabağ” ölkə kubokunun qalibi olduğu üçün Avroliqada mübarizəyə birbaşa ikinci mərhələdən qoşulmaq hüququ əldə edib.