“Ekranas”ı güclü rəqib saymıram, “İnter”ə isə məsləhət verməyə hazıram”
22.06.2009 - 17:47
“Ekranas”ı güclü rəqib saymıram, “İnter”ə isə məsləhət verməyə hazıram”
“Açığı, püşkün nəticəsini bilmirdim, sizdən öyrəndim. “İnter”in vaxtilə yendiyimiz “Spartak”la düşəcəyini hiss etmişdim. Allah haqqı düz deyirəm”. Bu fikirləri apasport.az saytına açıqlamasında Yevlaxın “Karvan” klubunun sabiq baş məşqçisi Yunis Hüseynov deyib.

O, “İnter”in UEFA kubokunda üç il öncə görüşdükləri Slovakiya “Spartak”ı ilə düşməsini təbəssümlə qarşılayıb: “Komandalarımızın püşkdə potensial rəqibləri ilə tanış olandan sonra demişdim ki, “İnter” “Spartak”la düşəcək. Vallah ürəyimə dammışdı. Göründüyü kimi, belə də oldu. Həmin vaxt “Spartak”ı keçsək də, bu komanda zəif deyildi. Sadəcə, həmin vaxt “Karvan” güclü idi və bunun nəticəsində slovakiyalıları hər iki oyunda yendik. Həmin vaxt heyətimiz demək olar legionerlərdən təşkil olunmuşdu”.

Hüseynov, həmçinin “İnter”ə məsləhət verməyə hazır olduğunu bildirib: “Spartak”ı keçmək mümkündür. Bu komanda “Karvan”la oyunları xatırlayıb, “İnter”lə görüşə daha ciddi hazırlaşacaq. Bir azərbaycanlı məşqçi kimi, klublarımızın avrokuboklarda mərhələ keçməsini istəyirəm. Hesab edirəm ki, “İnter” kimi, “Bakı”nın da yaxşı şansı var. Hər halda, “Ekranas”ı güclü rəqib saymıram. Elə Litva çempionatı da səviyyəsinə görə güclü deyil. Əgər “İnter”ə məsləhət lazım olsa, öz köməyimi göstərməyə hazıram”.