“Heç kim öz komandasına zəif deməz”
22.06.2009 - 23:05
“Heç kim öz komandasına zəif deməz”
“Püşkün nəticəsini səbirsizliklə gözləyirdik. Bir neçə gün əvvəl klub rəsmiləri ilə görüşdə mümkün rəqiblərimizi iki kateqoriyaya ayırmışdıq: arzuolunan və arzuolunmazlar. "Ekranas" bizim üçün birincilərdəndir”. Bu sözləri apasport.az saytına açıqlamasında "Bakı" klubunun prezidenti Hafiz Məmmədov deyib. Onun fikrincə, rəhbərlik etdiyi komanda ikinci mərhələyə yüksələ biləcək.

“Qardaşım Zeynalın əli yenə düşərli oldu. Birinci dəfə çempion olanda da "Sioni" ilə püşkü o, çəkmişdi. 99 faiz əminəm ki, mərhələni keçəcəyik. "Bakı"nın bəxtinə "Ekranas"dan yaxşı rəqib düşə bilməzdi. Artıq 4 dəfədir ki, avrokuboklarda qüvvəmizi sınayacağıq. İlk 3 imtahanda bəxtsizlik və digər səbəblərdən komandamız uğursuzluqla üzləşdi. "Jilina" ilə oyunda hakim səhvləri olmasaydı, mərhələni keçərdik. "Sioni" və "Daçiya" ilə görüşlərdə isə bəxtimiz gətirmədi. "Ekranas"dan güclü olduğumuzu bilirəm. Püşkdən sonra baş məşqçi Qyoko Hacıyevski və icraçı direktor Yaşar Seyidovla görüşdüm. Onlarda bildirdilər ki, Litva çempionunu udmaq olar. Rəqibimizin "Bakı" haqda nə fikirləşdiyi ilə tanışam. Əlbəttə, heç kim özünə zəif deməz və qarşısındakı komandaya psixoloji üstünlük vermək istəməz. "Ekranas"a yuxarıdan-aşağıya baxmamalıyıq" – deyə Məmmədov bildirib.

Klub prezidentinin sözlərinə görə, püşkatmadan sonra klubun hədəfi dəyişməyib. "Bakı" yenə iki mərhələ keçmək barədə ciddi fikirləşir: “Çempionlar Liqası ağır turnirdir. Futbolçular artıq bu gecə Sloveniyaya yola düşəcək. Hazırlıq prosesinin gedişinə özüm də ciddi nəzarət edəcəyəm. Artıq klubu bəzi futbolçular tərk edib. Gedənlərin yerini 4-5 səviyyəli legioner gətirəcəyik".