Elvin Məmmədov: “İnter”i tərk etmək fikrim yox idi, amma Xodukin... - MÜSAHİBƏ
22.06.2009 - 23:18
Elvin Məmmədov: “İnter”i tərk etmək fikrim yox idi, amma Xodukin... - MÜSAHİBƏ
Azərbaycan milli komandasının və “Qarabağ” klubunun futbolçusu Elvin Məmmədovun müsahibəsi

- “İnter” klubunu niyə tərk etdiniz?
- Bu komandadan ayrılmaq fikrim yox idi. İkinci dövrədə çox az oynadım. Valentin Xodukin mənə şans vermirdi. Ondan özümə qarşı bu münasibəti gözləmirdim. İlk vaxtlar belə deyildi. "İnter"ə ilyarım əvvəl gəlmişəm. Birinci ildə çempion oldum, Çempionlar Liqasında oynadım. Komandaya uyğunlaşmışdım. "Birlik Kuboku"nda ən yaxşı oynayanlardan biri mən idim. Xodukin bütün müsahibələrində məni tərifləyirdi, məşqlərdə məndən yaxşı işləyən futbolçunun olmadığını deyirdi. Axı birinci dövrədə də yaxşı təsir bağışlamışdım. Çempionatın əvvəlində şans verirdi, 3-4 qol da vurdum. Əsas heyətdən kənarda qalmağım məni sıxdı. İki-üç dəfə Xodukinə yaxınlaşıb, səbəbini soruşmuşdum. Hər dəfə eyni sözü deyirdi: komandada 30-dan artıq futbolçu var, hamısı oynamaq istəyir. Yenə təkid eləmirdim. Amma bu münasibətin dəyişmədiyini görəndən sonra getmək qərarını qətiləşdirdim.

- Ümumiyyətlə, Xodukin yerli futbolçulara az şans verirdi...
- Bu, faktdır da. Xodukin azərbaycanlı uşaqlardan yalnız Samir Abbasovu həmişə oynadırdı. Xəyal Mustafayev də son vaxtlar əsas heyətə düşürdü. Qalanlarımız oyuna kənardan baxırdıq. Mənə də pis təsir edirdi ki, formada ola-ola, axı niyə meydana çıxmayaq.

- "Qarabağ"la kubokun final görüşündə adınız heç oyunun iştirak ərizəsinə də salınmamışdı.
- Gözləyirdim ki, oynayacam. Hazır idim. Eşidəndə ki, adı siyahıda yoxdur, şoka düşdüm. Mən axı bu münasibətə layiq deyiləm.

- "İnter"də yerli və legioner futbolçular arasında ayrı-seçkilik salınması barədə çox eşitmişik. Siz nə deyirsiniz buna?
- Mən onu görməmişəm. "İnter" rəhbərliyindən razıyam. Futbolçular üçün istənilən şəraiti yaradıblar. Yeganə narazılığım oynamamağımla bağlı idi. Desəm ki, Xodukin mənə sərt münasibət göstərirdi, gözüm-çıxdıya salırdı, bu da yalan olar. Mənlə zarafat edirdi, deyib-gülürdü, yeri gələndə, başımı sığallayırdı. Xaraktercə yaxşı adamıydı, heç kimə ağır söz deməzdi. Oynamağa gələndə isə, üstünlüyü legionerlərə verirdi.

- O, adətən sizi yarımmüdafiənin sol cinahında oynadırdı. Bəlkə o mövqeyə alışa bilmirdiniz?
- Vallah, elə deyil. Qışda məni Antalyada yarımmüdafiənin hər yerində sınadı. İordaniya yığmasına 0:1 hesabıyla uduzsaq da, komandanın ən yaxşısı seçildim. Xodukin hansı mövqedə desəydi, oynamağa hazır idim. Şans vermirdi də. Mövqeyimdə olan legionerlər məndən güclü oynasaydı, yenə bir söz deməzdim.

- Milliyə dəvət alandan bir müddət sonra Xodukin açıqlamasında bildirmişdi ki, Elvin ulduz xəstəliyinə tutulub...
- Ulduz göydə olur, yerdə yox. Azərbaycanda oynayan futbolçuların heç biri ulduz deyil. Ulduzun burda nə işi var, getsin xaricə. Əgər oynamağa gücü çatırsa.

- Avropaya niyə getmirsiniz?
- Bu günlərdə "İnter"dən mənə dedilər ki, "Rostov" səni istəyir. Rusiya Premyer Liqasında oynamaq istərdim, amma onlar rəsmi təklif göndərməkdə gecikdi. Şifahi sözlə ora getmək istəmirdim. Avropadan yaxşı təklif gəlsə, gedərəm. Böyük klublarda oynamaq mənim uşaqlıq arzumdur. Millidə avropalı futbolçulara qarşı oynayıram da, səviyyələrini görürəm. Avropaya getsəm, mənə elə gəlir ki, ciddi problemlərim yaranmaz. O atmosferə alışmışam artıq.

- "İnter" rəhbərliyi ukraynalı baş məşqçini çıxarıb, yerinə Kaxaber Sxadadzeni gətirdi. Məgər o da sizə oynamaq şansı verməyəcəkdi?
- Sxadadze, rəhbərlik qalmağımı istəyirdi. Getmək istəməkdə mən təkid elədim. Bayaq dediz ki, Xodukin bizim ulduz xəstəliyinə tutulduğumuzu deyib. Bunu mən də qəzetlərdən oxumuşam. Öz payıma deyirəm ki, mən heç o fikirlə yaşamıram. Axı nə etmişik ki, özümüzü də ulduz kimi aparaq? Qəzetlər Xodukindən soruşur ki, "Elvin ulduz xəstəliyinə tutulub?" O da deyir ki, "yəqin, elə olar". Foqts ilk vaxtlar məni milliyə tez-tez çağırırdı. Sonra görəndə ki, "İnter"də oynamıram, axırıncı təlim-məşq toplanışlarına çağırmadı.

- Buna görə Foqtsdan narazısınız?
- Qəti. Millidə ilk rəsmi oyuna o gələndən sonra çıxmışam. İslandiya ilə səfərdə 1:1 edərkən. Oyunumu da bəyənir. Mən klubda ehtiyatda oturandan sonra Foqts neyləsin? Bilirəm ki, oynasam, çağıracaq. Əsas oyun praktikasıdır, o olandan sonra milliyə də qayıdacam. Foqts üstünlüyü gənclərə verir. Bir məşqçi kimi onun barəsində müsbət fikirdəyəm.

- Təkliflər, bilirik ki, çox idi. Məsələn, "Bakı", "Heftçi", "Olimpik" və "Xəzər-Lənkəran"dan da dəvətlər var idi. Nəyi nəzərə alıb, "Qarabağ"ı seçdiniz?
- "Qarabağ"da yerli uşaqlar çoxdur. Bir neçə gündür komandayla məşq edirəm, elə bilirəm, çoxdandır burdayam. Hamısı əvvəldən tanıdığım futbolçulardır. Yeni kollektivə uyğunlaşmaq heç 2 gün çəkmədi. "Qarabağ"a Avrolliqada kömək etmək istəyirəm. Başqa klublardan da təkliflər gəlmişdi, amma Qurban Qurbanovu daha istəkli gördüm. Mənə görə 3 dəfə Georgi Nikolovla görüşdü. Futbolçunu istəyən məşqçi onunla ciddi maraqlanmalıdır. Qurban müəllimdən özümə çox isti münasibət gördüm. Ona görə də iki illik müqaviləyə qol çəkdim.

- Müqavilə şərtlərini necə, razılaşdırmaq çətin olmadı?
- "İnter"lə nə danışdıqlarını bilmirəm. O məni maraqlandırmır, iki klub öz aralarında məsələni həll elədi. Özümə gəlincə, şərtlər normaldır.