“Ekranas”ın 6 gün əvvəlki matçının canlı şahidi apasport.az-a danışdı
23.06.2009 - 09:36
“Ekranas”ın 6 gün əvvəlki matçının canlı şahidi apasport.az-a danışdı
Çempionlar Liqasının birinci təsnifat mərhələsində “Bakı”nın rəqibi olan “Ekranas” yaz-payız sistemi ilə keçirilən və bu səbəbdən də hazırda davam edən Litva çempionatında mübarizə aparır. Apasport.az saytının məlumatına görə, 12 turdan sonra ikinci pillədə qərarlaşan Panevejis təmsilçisi növbəti matçını iyunun 28-də keçirəcək. Rəqibimiz çempionatda 1 xal geri qaldığı “Suduva”nı zirvədən sıxışdırmaq imkanı qazanacaq. Həmin matça “Bakı” nümayəndələrinin gedəcəyi də istisna olunmur.

Hazırda Litvada olan həmyerlilərimiz arasında “Ekranas”ın iştirakı ilə qarşılaşmanı izləyərək, “Bakı”nı qabaqlayan olub. “Qəbələ”nin Litvaya ezam olunan meneceri Zaur Əzizov saytımız üçün panevejislilərin oyununu şərh edib: “Litva çempionatının XI turunda keçirilən “Ekranas” – “Tauras” matçını izlədim. Bəri başdan qeyd edim ki, meydan sahibləri çətinliklə də olsa 2:1 hesablı qələbə qazandı. Çox kiçik, daha çox basketbol ənənələrinə sadiq Panevejis şəhərinin bu komandası o qədər də sevilmir. Bunun nəticəsidir ki, onsuz da kiçik olan stadiona hər oyunu izləməyə cəmi 600-700 tamaşaçı gəlir. Litva çempionatının digər liderləri – “Suduva” və “Vetra”nın oyunlarını da izləmişəm, lakin onlar “Ekranas” kimi xoş təsir bağışlamır. Elə az-çox bəyəndiyimiz futbolçular da bu klubun formasını geyinirlər. Hazırda Litva futbolunda ciddi maliyyə böhranı yaşanır. Yəni, yerli çempionatın ən yaxşı futbolçuları aylıq 3-4 min avro əməkhaqqı alırlar. Çempionatın səviyyəsi son illərə nisbətən çox aşağı düşüb. Azərbaycanda çıxış etmiş Valdas Trakis klubun bombardirlərindən olsa da, onu lider adlandırmaq olmaz”.

“Ekranas”ın cəmi 6 gün əvvəl keçirdiyi oyunun canlı şahidi olan Əzizov “Bakı”nın rəqibinin heyətini də dəyərləndirib: “Daha çox ön plana çıxan futbolçu 22 nömrəli forma ilə oynayan Biçkadır. 37 yaşı olmasına baxmayaraq, meydançada çox çalışır və pleymeyker funksiyasını daşıyır. Kanadalı Stefen Ademolu hücumçu olsa da, “Tauras”la iyunun 17-də baş tutan görüşdə sağ cinah yarımmüdafiəçisi kimi çıxış etdi. O da komandanın aparıcı üzvlərindən sayılır. Müdafiənin dirəyi Estoniya yığmasının üzvü Taavi Rahndir. Amma onun klubda qalıb-qalmayacağı bəlli deyil. “Ekranas”ın iki yetirməsi - dayaq yarımmüdafiəçisi - Andrius Arlauskas və yarımmüdafiənin demək olar hər bir mövqeyində çıxış edə bilən Domynikias Qalkevicyus komanda üçün çox faydalıdır. Xüsusilə, Qalkevicyusdan ehtiyat etməyə dəyər. Ümumilikdə, formada olan “Bakı” “Ekranas”dan daha yaxşı futbol nümayiş etdirir. Amma bu yalnız bakılıların formada olduğu vaxta aiddir. Əks halda isə komandalar arasında fərq aradan qalxır. Təmsilçimiz rəqibinin ən zəif yeri kimi görünən müdafiəsindəki boşluqlardan istifadə etməlidir”.

Qeyd edək ki, “Ekranas” keçirdiyi son 8 rəsmi oyunun 6-da qol buraxır.