“Bakı”nın illik büdcəsini açıqladılar
23.06.2009 - 09:47
“Bakı”nın illik büdcəsini açıqladılar
“Bakı” çox varlı klubdur, oyunçularına böyük məbləğdə əmək haqqı verir. Həqiqətən də bir neçə yaxşı futbolçusu var”. Apasport.az saytının lent.az-a istinadən məlumatına görə, bu sözləri Litvanın “Ekranas” klubunun futbolçusu Valdas Trakis deyib.

2006 – 2008-ci illərdə Bakının “İnter” komandasında çıxış etmiş 30 yaşlı hücumçu “Bakı”nın heyətində xeyli legionerin forma geyindiyini xatırladıb: “Georgi Demetradze, eləcə də Gürcüstan və Makedoniyadan olan daha bir neçə legioner “Bakı”nın şərəfini qoruyur. Rəqibimizin baş məşqçisi də makedoniyalıdır”.

Trakisin fikrincə, “Bakı”nın xeyrinə olan digər amil “Ekranas”ın Azərbaycan paytaxtında isti hava şəraitində çıxış edəcəyi ilə bağlıdır. Litvalı futbolçu “Bakı”nın illik 5-7 milyon dollar büdcəsinin olduğunu da açıqlayıb: “Bax, bu amilə görə də müəyyən nəticə çıxarmaq olar”.

Qeyd edək ki, “Ekranas”la “Bakı” arasındakı ilk görüş 14-15 iyunda Litvada, cavab görüşü isə bundan bir həftə sonra Tofiq Bəhramov adına Respublika stadionunda olacaq.