Türkiyə mətbuatı: Rəşad Sadıqovun “Dənizlispor” klubuna keçidi baş tutub
23.06.2009 - 11:10
Türkiyə mətbuatı: Rəşad Sadıqovun “Dənizlispor” klubuna keçidi baş tutub
Türkiyə mətbuatı mövsümlərarası fasilədə Superliqa və Bank Asya Liqası klublarının gerçəkləşdirdiyi transferlərin siyahısını tərtib edib. Apasport.az saytının məlumatına görə, bu gün yenilənən cədvəldə Azərbaycan yığmasının kapitanı Rəşad Sadıqov da yer alıb. Həmkarlarımız “Dənizlispor”un artıq heyətinə qatdığı iki futbolçudan biri kimi təqdim etdiyi 27 yaşlı müdafiəçimizlə yanaşı, Əhməd Çebeni də cədvələ daxil ediblər. Sadıqovun sabiq komandasında da baş məşqçisi olmuş Erhan Altının “Kocaelispor”dan transfer etmək istədiyi, yaxın günlərdə məsələsi həll olunacaq Murat Hacıoğlu və Mazuva Nsumbu isə hələ ki, “Dənizlispor”un futbolçusu kimi göstərilmir. Bu isə həmyerlimizdən fərqli, onların keçidinin həll olunmamasından irəli gəlir. Sadıqovla yanaşı, transfer olunduğu göstərilən Əhmədin keçidi isə klubun rəsmi saytında da çoxdan yer alıb.

Qeyd edək ki, Rəşad ötən mövsüm “Kocaelispor”un heyətində Superliqada 16 oyun keçirib.