Qurban Qurbanov da danışdı
23.06.2009 - 12:43
Qurban Qurbanov da danışdı
“Avropa Liqasında öz ölkəsində nəticə qazanmış komandaların yarışdığını bilirdik. Buna görə də rəqibin kimliyindən asılı olmayaraq, çətin oyunlara hazır olmalıyıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri Ağdamın “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov deyib.

Avropa Liqasında mübarizəyə ikinci mərhələdən başlayacaq ağdamlılar “Rusenborq” (Norveç) - “Runavik” (Farer adaları) cütünün qalibini sınağa çəkəcək. Lakin qitə miqyasında özünə məxsus yeri olan norveçlilərin şimal derbisində qalib gələcəyinə hamı kimi Qurbanov da şübhə etmir: “Püşkdən əvvəl özümüzü hər şeyə hazırlamışdıq. Təbii ki, hədəfimiz mərhələ keçməkdir. “Rusenborq” haqqında əlavə danışmağa ehtiyac yoxdur. Bütün dünya bu komandanı tanıyır. Sabahdan etibarən Türkiyəyə yollanırıq. Ciddi hazırlaşacağıq. İnanıram ki, ölkəmizi sevindirə biləcəyik”.

Qeyd edək ki, “Qarabağ” Avroliqada ilk oyununu iyulun 16-da səfərdə keçirəcək.
0