“Onların hər ikisi yaramazdır, qoy, gedib...”
23.06.2009 - 13:05
“Onların hər ikisi yaramazdır, qoy, gedib...”
Azərbaycan milli komandasının sabiq baş məşqçisi, AFFA-nın İcraiyyə Komitəsinin üzvü Kazbek Tuayevin apasport.az saytına müsahibəsi

- Vladimir Maslaçenko bildirib ki, 1966-cı ildə “Neftçi” SSRİ çempionatının bürünc medalçısı olduğu mövsümdə son turda “Spartak”la Bakıdakı görüşdə nəticəni əvvəlcədən razılaşdırıb. Hətta iki mərkəz müdafiəçisinin oyunu verdiyini də iddia edir...
- Maslaçenko belə sözlər söyləməklə şər atır. Sizə onu deməliyəm ki, “Spartak” ticarət adamlarının komandasıdır. O, “Dinamo” kimi sanballı deyil. “Spartak” kooperasiyanın bazası əsasında yaradılıb. Maslaçenkonun dedikləri daha çox onlara, orada çalışanlara uyğun gəlir. Həyatım boyu “Spartak”a qarşı olmuşam və heç vaxt bu kluba azarkeşlik etmirdim. Mənim üçün yeganə sanballı klub “Dinamo” idi. Çünki orada Ələkbər Məmmədov və Yuri Kuznetsov çıxış edirdi. “Dinamo” həm düzgünlükdə, həm də başqa şeylərdə mənim üçün bir etalon idi.

- Maslaçenko qışda AFFA-nın dəvəti ilə Bakıya gəlmişdi. Həmin vaxt onunla görüşmüsünzmü?
- Əfsuslar olsun ki, həmin vaxt burada deyildim. Yoxsa ona da sözümü deyərdim. Maslaçenkoya deyəcəyəm ki, işlətdiyi ifadələr ona başucalığı gətirmir. Çünki yenə deyirəm ki, belə axmaq şeylərlə yalnız “Spartak” məşğul olurdu. Həmin Maslaçenko da bütün bunları çox gözəl bilir.

- O, konkret ad çəkməsə də, həmin futbolçuların Vladimir Meşeryakovla Valeri Dikarev olduğu bildirilir. “Spartak”ın bu arxa xətt oyunçularını tanıyırsınızmı?
- Meşeryakov “Spartak”da oynamayıb. O, Leninqradın “Zenit” və Moskvanın “Torpedo” klublarında çıxış edib. Valeri Dikarev isə əla futbolçu olub. Təəssüf ki, indi həyatda yoxdur, dünyasını dəyişib. Dikarev Azərbaycan futbolunun yetirməsidir. Təsadüfi deyil ki, “Spartak” onu “Neftçi”dən oğurladı. Əgər öz adamlarına iradı varsa, bu, onların öz işidir. Qoy öz mətbəxlərində bunu araşdırsınlar. Ancaq mən Dikarevi normal, düzgün, çox gözəl futbolçu, insan kimi tanıyıram. O, həm də SSRİ yığmasının heyətinə daxil edilirdi. Artıq həyatda olmayan insana qara yaxmaq düzgün deyil. Əgər Dikarev indi sağ olsaydı, Maslaçenkoya istədiyi şeyi deyə bilərdi. Əgər insan bu dünyada yoxdursa, niyə belə axmaq şeylərlə məşğul olurlar?

- Bir müddət əvvəl Anatoli Bışovets də “Neftçi” haqda oxşar fikirlər səsləndirmişdi...
- Bışovetsin dedikləri də axmaqlıqdır. Rusiya mətbuatında “Terek” – “Krılya Sovetov” oyununda şübhəli məqamlarla bağlı nə qədər şeylər yazılıb. Belə şeylər onlara məxsusdur. Orada çoxlu satılmış oyunlar var. Buna görə də mən həmişə deyirəm ki, Rusiya futbolunu sevmirəm. Çünki onların futbolu çox pis iylənir. Bax, elə belə də yaz. “Sovetskiy Sport” qəzeti yazırdı ki, belə şeylərlə ilk olaraq Valeri Lobanovski məşğul olurdu. Həmin vaxt SSRİ çempionatının güclülər dəstəsində 6 Ukrayna komandası mübarizə aparırdı. Onlar 10 xalı Kiyev “Dinamo”suna verirdilər. “Dinamo” da bunun hesabına hamıdan qabaqda idi. Bax, onlar belə çempion olurdu. Bunlar mənim yox, rus jurnalist Yuri Tsıbanevin sözləridir.

- Bışovets sizə cavabında bildirdi ki, mən olimpiya çempionuyam, bəs Kazbek Tuayev kimdir? Bundan xəbərdarsınız?
- Bışovets belə deyibsə, onun verdiyi sualın cavabı “SSRİ-nin 100 futbolçusu” ensiklopediyasındadır. Qoy ora baxıb görsün ki, Kazbek Tuayev kimdir. Orada hər şey dəqiqliyi ilə göstərilib və yazılanları oxusun. Tuayev SSRİ-nin 33 ən yaxşı futbolçusu arasında yer alıb, yığma komandaya cəlb olunub. Əslində, Bışovets məni çox gözəl tanıyır. Çünki SSRİ dövründə Vyanada Bışovetsin sifətinə yaxşı zərbə vurmuşam. Çünki o, yaramazdır. Bir də ki Bışovets futbolçu kimi yox, məşqçi kimi olimpiya çempionu olub.

- Vyanadakı olayın təfərrüatını açıqlaya bilərsiniz?
- Həmin vaxt yaramaz işlər gördüyü üçün sifətinə zərbə vurdum. Bax, bu, belə olub. SSRİ yığmasının heyətində Avstriya ilə oynayırdıq. Onu yaxşıca döydük. Qoy Bışovets ondan danışsın ki, hansı komandaya gedib, onu ordan qovublar. Çünki o, belə insandır. Bışovets ukraynalı olduğu halda, niyə Moskvada yaşayır? Elə adamdır ki, heç kim onu qəbul etmir. Bu azmış kimi, hansı komandada işləyibsə, haqqında istənilən xoşagəlməz şeylər deyilir. Nə üçün belədir? Çünki Bışovets özünü belə tanıdıb.

- Maslaçenkoya zəng edib, “Neftçi” haqda xoşagəlməz fikirlərinə son qoymağı tələb etməyi düşünmürsünüz?
- Ona zəng edib bu haqda demişəm. Əgər o, səfehdirsə...

- Məsələ ondadır ki, onların bu kimi xoşagəlməz sözləri ilə ilk növbədə “Neftçi”nin adı ləkələnir...
- Qoy, bu çirkin işlərlə məşğul olan yaramazlar “Neftçi”nin təmiz adına toxunmasınlar, ona ləkə gətirməsinlər. Qoy, öz zibillərinin içində eşələnsinlər. Elə həm Bışovets, həm də Maslaçenko.
0