AFFA rəsmisi: Foqtsdan niyə belə şeylərin baş verdiyini soruşmaq vaxtıdır
23.06.2009 - 13:45
AFFA rəsmisi: Foqtsdan niyə belə şeylərin baş verdiyini soruşmaq vaxtıdır
“Milli komandamızın matçlarını izləyirəm. Hesab edirəm ki, yığmamız pis oynayır. Fikrimcə, yığmanın rəhbərliyindən və baş məşqçi Berti Foqtsdan niyə belə şeylərin baş verməsini soruşmağın vaxtı çatıb. Onlar vəziyyəti izah etməlidirlər. Bununla heç də Foqtsu işdən çıxarmağa səsləmirəm”. Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan milli komandasının sabiq baş məşqçisi, AFFA İcraiyyə Komitəsinin üzvü Kazbek Tuayev deyib.

Futbol veteranı bildirib ki, yığmada Məşqçilər Şurası yaratmaq lazımdır: “Özü də bu şuraya normal, sərbəst, müstəqil mütəxəssislər daxil olmalıdır. Məsələn, Ələkbər Məmmədov, İsgəndər Cavadov və digərləri. Bu ona görə deyil ki, vəziyyəti ayırd edib, baş məşqçini qovasan. Əgər hansısa problem varsa, araşdırma aparıb, kömək etmək lazımdır”.

Tuayev ölkəmizdəki əcnəbi futbolçuları və məşqçiləri də tənqid atəşinə tutub: “Azərbaycandakı əcnəbi futbolçular və əcnəbi məşqçilər heç bir tələblərə cavab vermirlər. Mən onların dəvət edilməsinə qarşı çıxmıram. Buyurun, normal, yaxşı mütəxəssisləri dəvət edin. Qoy, bizim məşqçilər onlardan öyrənsinlər, öz səviyyələrini artırsınlar. Əcnəbi futbolçulara gəlincə, onlar da oyunçularımızı öyrətsinlər. Ancaq təəssüf ki, mən bunu görmürəm”.

AFFA rəsminin fikrincə, Premyer Liqada limit tətbiq olunmalıdır. O bildirib ki, hər klubda oyun zamanı start heyətdə 5 əcnəbinin çıxışına icazə verilməsi məqsədəuyğundur: “Limit məsələsində hər şey mütləq tədricən həll olunmalıdır. Daha bəsdir, gah “5+2”yə, gah da “3+2”yə keçdik. Sonradan isə limiti ümumiyyətlə, ləğv etdik. Limit mütləq tətbiq edilməlidir. Amma bu, tədricən aşağı düşməlidir. Məsələn, birinci il 9, ikinci il 8, daha sonra 7, 6, 5 olmalıdır. Və bir komandanın start heyətində 5 legionerin oynaması qərarında dayanmaq lazımdır. İndi limitlə bağlı özümüzü ora-bura atsaq, bu, düzgün olmayacaq. Kimliyindən asılı olmayaraq, bütün məşqçilərə əsl futbolçularımızı hazırlaşdırmalarına şərait yaratmaq vacibdir”.
0