“Allah bilir, Azərbaycanda bu dəfə başımıza nə gələcək”
23.06.2009 - 14:41
“Allah bilir, Azərbaycanda bu dəfə başımıza nə gələcək”
“Püşkün belə olacağını heç arzulamazdım. Potensial rəqiblərimizdən bəzilərini sonda bəxtimizə düşən “İnter”lə müqayisə etmək olar. Qalanları isə zəif komandalar idi”. Apasport.az saytının məlumatına görə, bu sözləri Slovakiyanın “Spartak” klubunun liderlərindən olan Piter Dolejal deyib.

Avropa Liqasında Bakı “İnter”i ilə qarşılaşacaq trnavalıların 27 yaşlı futbolçusu 2005/06 mövsümündə “Jilina”da oynadığı vaxt “Bakı” ilə qarşılaşıb: “Təbii ki Azərbaycan təmsilçisi xoşagəlməz rəqibdir. Qarşılaşa biləcəyimiz ən güclülərdən biri ilə görüşməli olacağıq. Mən artıq bir dəfə Bakıda olmuşam. Allah bilir, bu dəfə başımıza nə gələcək. Həmin vaxt səfərdə 0:1 hesabı ilə uduzmuşduq. Öz meydanımızda isə çətinliklə də olsa 3:1 hesablı qələbə qazandıq. Mən Praqadakı görüşdə iştirak etdim”.

Dolejal ölkəmizə səfərin çətinliyini də komandalarımızın oyun üslubunu da xatırlayır: “Eşitdiyimə görə bakılılar çox güclü heyətə malikdir. Üstəlik, ora səfər münasib deyil. Uzun yol qət etdikdən sonra iqlim də bizim üçün yaxşı deyil. Düzdür, Bakı nə qızmar istisi, nə də hündürlüyü ilə seçilir. Amma istənilən halda, orada oynamaq çətin olur. Dörd il əvvəlkinə əsasən azərbaycanlıların döyüşkən, əzmkar olduğunu deyə bilərəm. Meydanın mərkəzində möhtəşəm oyun göstərirlər. Lakin bunu bütün xətlərə aid etmək olmadığından konstruktiv oyunları alınmır”.

Komandaların şanslarını dəyərləndirmək istəməyən Dolejal mərhələ keçmək iddialarını açıqlayıb: “Əsas məqsədimiz ilk oyunda uğurlu nəticə qazanmaqdır. Evdə üstünlük qazansaq, səfərdə işimiz asan olar. İlk oyun həm də mövsümə necə başlayacağımız baxımından vacibdir. Ötən il “siftə”miz alınmadığından mübarizəni də tez dayandırdıq. İlk addım həmişə böyük əhəmiyyət kəsb etdiyindən “İnter”ə qarşı var gücümüzlə oynayacağıq”.

Qeyd edək ki, “Spartak” – “İnter” oyunu iyulun 2-də keçiriləcək.
0