Rəşad Sadıqov öz klublarımızda oynamağa razı oldu
23.06.2009 - 14:53
Rəşad Sadıqov öz klublarımızda oynamağa razı oldu
Futbol üzrə Azərbaycan milli komandasının kapitanı Rəşad Sadıqov karyerasını yenə ölkəmizdə davam etdirə bilər. Apasport.az saytının məlumatına görə, bunu futbolçu özü deyib.

Ötən mövsümün ikinci dövrəsini Türkiyənin “Kocaelispor” klubunda keçirmiş Sadıqov məcburiyyətdən belə addım atacağını gizlətməyib: “Türkiyə Superliqasında mübarizə aparan 2-3 klub mənimlə maraqlanır. Amma söhbət müqavilə bağlamaq səviyyəsinə çatmayıb. Klublarla danışıqları menecerlər aparır. Yenidən Türkiyədə oynamaq variantı alınmasa, məcbur olub, Azərbaycan klublarından biri ilə müqavilə bağlayacağam".

27 yaşlı müdafiəçi bildirib ki, Türkiyə klublarından hansısa onu baxışa dəvət etsə, bunu qəbul etməyəcək: "Mən hansısa komandada baxışdan keçmək istəmirəm. Artıq Türkiyədə oynamışam və orda məni az-çox tanıyırlar. Odur ki, birbaşa müqavilə bağlamaq istəyirəm".

Xatırladaq ki, Rəşad karyerası ərzində “Turan”, “Neftçi”, İranın “Fulad”, eləcə də Türkiyənin “Kayserispor” və “Kocaelispor” klublarının şərəfini qoruyub. O, bu ilin qışında “Neftçi”dən “Kocaelispor”a keçmişdi. Onun İzmit təmsilçisi ilə müqaviləsinin müddəti mayda başa çatıb.

Mənbə: trend.az
0