BATE “Bakı”dan çəkinir
23.06.2009 - 15:21
BATE “Bakı”dan çəkinir
Belarusun BATE klubu “Bakı”dan çəkinir. Apasport.az saytının məlumatına görə, ötən mövsüm Çempionlar Liqasının (ÇL) qrup mərhələsində iştirak edən və “Yuventus”, “Real”, “Zenit” kimi klublarla bir qrupda yer alan Borisov təmsilçisi komandamızla görüşmək istəmir.

“Bakı” ilə BATE ÇL-nin ilk təsnifat mərhələsində potensial rəqiblər idi. Ancaq püşkə görə komandamız Litvanın “Ekranas”, belaruslular isə Makedoniyanın eyniadlı klubu ilə görüşəcək. Püşkün nəticəsini sakit qarşılayan BATE-nin baş məşqçisi Viktor Qonçarenko hər halda, “Bakı” da daxil olmaqla, postsovet məkanı təmsilçiləri ilə oynamaq istəmədiyini gizlətməyib: “Püşkün nəticəsini normal qəbul etdim. Çünki səpələnmiş və səpələnməmiş komandalar arasında böyük fərq görmürdüm. Keçmiş SSRİ-dən çıxan klublarla düşməyi heç istəmirdim. Ancaq rəqibimizin “Makedoniya” olduğuna görə də elə də sevinməməliyik. Sadəcə, normal püşkdür və indi operativ informasiyalar yığmaqla məşğul olacağıq. Axı bu komanda haqda heç təsəvvürümüz yoxdur. Yalnız onu bilirik ki, daxili çempionatında çox az qol buraxıb. Görünür, yaxşı müdafiə xətti qurulub. Mübarizəyə səfərdə başlamağımıza gəlincə, bu, mənim üçün prinsipial əhəmiyyət kəsb etmir”.

Göründüyü kimi, “Bakı”nı rəqib kimi arzulamayan Qonçarenko həmkarı Qyoko Hacıyevskiyə yaxşı tanış olan komanda ilə görüşəcək. Axı belaruslular makedoniyalı mütəxəssisin həmyerliləri ilə görüşəcək.
0