“Ekranas”ın futbolçuları “Neftçi”də
23.06.2009 - 15:24
“Ekranas”ın futbolçuları “Neftçi”də
Dördqat ölkə çempionu “Neftçi” baxışa üç legioner çağırıb. Bu barədə apasport.az saytına komandanın mətbuat xidmətinin rəhbəri Səbuhi Səfiyarlının məlumat verib. Onun sözlərinə görə, litvalı qapıçı Paolos Qribauskas, estoniyalı müdafiəçi Taavi Rahn və çernoqoriyalı yarımmüdafiəçi Vladimir Vuyoviç artıq düşərgəyə qatılıblar.

1,86 metr boya malik 25 yaşlı Qribauskas Litva yığmasının üzvüdür. 2007-ci ildən indiyədək Rumıniyanın yüksək liqasında “Otselul” klubunda oynayan Qribauskas bunadək vətənində - “Ekranas” və “Sviesa”da forma geyinib.

Məlum olduğu kimi, “Ekranas” “Bakı”nın Çempionlar Liqasında ilk təsnifat mərhələsində rəqibidir. “Ekranas”da hazırda çıxış edən isə estoniyalı Rahndır. O, ötən həftə səfərdə “Şaulyay”ı məğlub etdikləri (1:0) oyunda iştirak etdikdən sonra ölkəmizə üz tutub. Rahn “Neftçi”də oynayan həmyerlisi Dmitri Kruqlovla birgə Estoniya milli komandasına çağırılır. 1,92 metr boya malik 28 yaşlı Taavi karyerasının böyük hissəsini vətənində keçirib. Belə ki, “Flora”, “Tulevik”, “Lelle” klublarında top qovub. Rahn futbolçularımızın Ukrayna “Volın”ında da komanda yoldaşı olub. “Neftçi”nin hücumçusu Samir Əliyev həmin vaxt həmin klubda oynayıb.

1,90 metr boya malik 27 yaşlı Vuyoviç isə ötən mövsüm Rusiya Premyer Liqasında “Luç-Enerji”də çıxış edib. Bu komanda birinci diviziona düşəndən sonra onun sıralarını tərk edən Vladimir son vaxtlar Macarıstanın “Vaşas” klubunda forma geyib. Vuyoviç də baxışa gələn digər iki futbolçu kimi yığmasının üzvüdür.
0