Happy birthday, Zinedine Zidane!
23.06.2009 - 15:32
Happy birthday, Zinedine Zidane!
23 iyun dünya idmanının bir sıra tanınmış nümayəndələrinin doğum günüdür. Apasport.az saytının məlumatına görə, bu gün əfsanəvi futbolçu Zinəddin Zidanın yaşının üstünə daha 1 il gəlir. 36 il əvvəl Marseldə Əlcəzairdən miqrasiya etmiş ailədə göz açan Zinəddin XX əsrin son, XXI əsrin isə ilk illərində yaşıl meydançalarda xarüqələr yaradıb.

O, 1998-ci ildə dünya çempionu, 2000-ci ildə Avropa çempionu, həmçinin Konfederasiyalar Kubokunun ikiqat qalibi, Çempionlar Liqasının, Avropa Superkuboku və Qitələrarası Kubokun ikiqat qalibi, İspaniya çempionu, İspaniya Superkubokunun qalibi, İtaliyanın ikiqat çempionu və İtaliya Superkubokunun qalibi olub. Zidan 1998-ci, 2000-ci və 2003-cü illərdə dünyanın ən yaxşı futbolçusu seçilib. Müsəlman yarımmüdafiəçi peşəkar karyerasını 2006-cı ildə başa vurub.

Bu gün digər fransız futbol veteranı Jan Tiqananın (54 yaş) da doğum günüdür. Eyni zamanda, Fransa yığmasının və İtaliya “İnter”inin futbolçusu Patrik Vieyra 33 yaşını tamamlayır.

Atletika üzrə üçqat olimpiya çempionu ABŞ təmsilçisi Vilma Rudolf (1940-cı il), gürcüstanlı olimpiya çempionu, pəhləvan Vaxtanq Blaqidze (1957-ci il) və güllə atıcılığı üzrə ikiqat olimpiya çempionu, bolqarıstanlı Mariya Qrozdeva (1972-ci il) və başqalarının da doğum günüdür. 23 iyun həm də Beynəlxalq Olimpiya Günüdür.
0