Baş katiblər də futbol oynayacaq
23.06.2009 - 23:17
Baş katiblər də futbol oynayacaq
Bu gün Belarusun paytaxtı Minskin Futbol Evində milli assosiasiyaların baş katibləri üçün növbəti seminar keçiriləcək. Apasport.az saytının məlumatına görə, AFFA-nın baş katibinin müavini Elxan Əsədovun da qatıldığı tədbir iki gün davam edəcək.

FİFA-nın təşkilatçılığı ilə keçiriləcək seminarda UEFA-ya daxil olan keçmiş SSRİ-nin 11 ölkəsinin nümayəndələri iştirak edəcək. Qonaqlar dünya futbol qurumunun aparıcı mütəxəssislərinin mühazirələrini dinləyəcək. Seminara FİFA-nın Avropa ölkələrinin inkişaf proqramının meneceri Yeva Paskye rəhbərlik edəcək. UEFA-nın idman şöbəsinin rəisi Marsel Benz də Minskə dəvət olunanlar sırasındadır.

Seminarın gündəliyində FİFA-nın bəzi inkişaf proqramlarının müzakirələri və bəzi hüquqi məsələlərə baxılması da yer alıb. Həmçinin, assosiasiyanın bəzi oyunçuların statusu və intizam komitələri də daxil olmaqla, bir sıra strukturlarının fəaliyyəti ilə bağlı məlumat veriləcək.

Bakı vaxtı ilə saat 15:45-də başlanacaq seminar iyunun 25-də orijinal sonluqla yekunlaşacaq. Belə ki, həmin gün saat 20:20-də Belarus Futbol Federasiyasının əməkdaşlarından ibarət yığma seminar iştirakçılarının komandası ilə görüşəcək. Matç Azərbaycan milli komandasının futbolçusu Daniel Axtyamovun çıxış etdiyi “Minsk” klubunun meydanlarından birində keçiriləcək.