Elxan Abdullayevin Azərbaycan yığmasından getməsinin əsl səbəbi bəlli oldu
23.06.2009 - 17:42
Elxan Abdullayevin Azərbaycan yığmasından getməsinin əsl səbəbi bəlli oldu
“Elxan Abdullayevdən çox razıyıq. Sadəcə, “İnter” klubunda çalışdığından, onunla yeni müqavilə bağlaya bilmədik. Buna görə də Abdullayevlə əməkdaşlığımız sona çatdı”. Bu sözləri apasport.az saytına açıqlamasında AFFA-nın baş katibi Elxan Məmmədov deyib.

Elxan Abdullayev “İnter”lə paralel olaraq, bir neçə il yığmanın məşqçisi işləyib. Lakin AFFA rəhbərliyi bu aydan etibarən onunla əməkdaşlığı kəsməyi məqsədəuyğun sayıb. Məmmədov bildirib ki, 39 yaşlı məşqçinin eyni vaxtda iki yerdə işləməsi yeni müqavilə bağlanmasına maneə törədib: “Elxan Abdullayevlə müqavilənin müddəti iyunun 1-də bitib. Biz onun bütün diqqətini sırf milli komandaya yönəltməsini istəyirdik. Ancaq o, “İnter”də qalmaq istəyini söylədi. Nəticədə Abdullayevlə müqavilənin müddətini uzada bilmədik. Onunla əməkdaşlığa son verilməsinin başqa səbəbi yoxdur. Abdullayevə gələcək fəaliyyətində də uğurlar arzuladıq”.

Abdullayevin gedişindən sonra yığmanın baş məşqçisi Berti Foqtsa yeni köməkçi tapılıb. İyunun 13-də Vaqif Sadıqov almaniyalı mütəxəssisin I köməkçisi təyin olunub.

Yeri gəlmişkən, AFFA-nın baş katibi Türkiyənin “Trabzonspor” klubundan Berti Foqtsa gələn təkliflə bağlı fikirlərini bölüşüb. Məmmədov bildirib ki, alman çalışdırıcı hər hansısa klubda çalışmaq üçün mütləq AFFA-nın razılığını almalıdır: “Foqtsla bağlanmış müqavilədə belə bir bənd var ki, milli komandamızda işlədiyi dövrdə onun həm də klubda işləməsi üçün AFFA rəhbərliyinin icazəsi olmalıdır. Bizim anlaşmanın müddəti dekabra qədərdir. Çox güman ki, oktyabrın sonlarında, noyabrın əvvəllərində yeni müqavilə ilə bağlı danışıqlar başlanılacaq”.