Yeni mövsüm, tanış ölkələr və ya “Neftçi”nin uğuru təkrarlanacaqmı?
23.06.2009 - 23:26
Yeni mövsüm, tanış ölkələr və ya “Neftçi”nin uğuru təkrarlanacaqmı?
Azərbaycanı avrokuboklar mövsümündə təmsil edəcək klublar tanış ölkələr - Litva, İsrail və Litva təmsilçiləri ilə görüşəcək. Apasport.az saytının məlumatına görə, bu ölkələrdən indiyədək ən çox rəqibimiz Slovakiya olub. Komandalarımız artıq 5-ci dəfə slovaklarla üz-üzə gələcək.

Slovaklarla indiyədək “Qarabağ”, “Bakı”, “Karvan” və “Neftçi” görüşüb ki, növbədə “İnter”dir. Klublarımız ardıcıl 3 mövsüm Slovakiya təmsilçiləri düşüb və bunların hamısı UEFA kubokuna təsadüf edib. “Qarabağ” və “Bakı”dan fərqli, “Karvan” rəqibini mübarizədən kənarlaşdırmağı bacarıb. Həmin uğurun futbolumuzun tarixində böyük çəkiyə malik olduğunu desək, yanılmarıq. Çünki 15 ildir UEFA kubokuna qatılan Azərbaycan cəmi bir dəfə, yəni “İnter”in hazırkı rəqibi Trnava “Spartak”ını üstələməklə mərhələ adlayıb. “Neftçi” isə ötən il “Nitra”nı mübarizədən kənarlaşdırmaqla, tarixi zəfərin əsasını qoydu. Belə ki, flaqman avrokuboklarda iki mərhələ adlayan yeganə komandamızdır.

“Bakı” ilə “Simurq”un qarşılaşacağı Litva və İsrail təmsilçiləri hərəyə bir dəfə rəqibimiz olub və bunlar İntertoto kubokuna təsadüf edib. Hər iki ölkənin təmsilçiləri ilə sınaq zamanı “siftə”yə imza atmışıq. İntertoto kubokunda “siftə”ni litvalılarla edən komandamız yalnız oyunsonrası penaltilər seriyasında uduzub. Bundan iki il sonra İsrailin “Makkabi” klubu ilə oyunda isə Azərbaycan təmsilçisi tarix yazdı. Belə ki, “Qarabağ” Müşfiq Hüseynovun etdiyi “dubl” sayəsində Hayfa təmsilçisini səfərdə yenərək, avrokuboklarda mərhələ adlayan ilk klubumuz kimi tarixə düşdü. İndi İsrailin son mövsümdə 5-ci yeri tutan “Bney İequda” komandası avrokuboklarda debüt edən “Simurq”a rəqib oldu. “Bakı” isə Çempionlar Liqasında Litvanın “Ekranas” klubu ilə qüvvəsini sınayacaq.

“Qarabağ” ölkə kubokunu qazandığı üçün “İnter” və “Simurq”dan fərqli, Avroliqada mübarizəyə birbaşa ikinci mərhələdən başlayacaq. Ağdamlıların rəqibi “Rusenburq” (Norveç) – “NSİ Runavi” (Farer adaları) cütünün qalibi görüşəcək. Həm Norveç, həm də Farer adaları indiyə kimi klublarımıza avrokuboklarda rəqib olmayıb.


1998/99 mövsümü, İntertoto kuboku
21 iyun 1998-ci il. Kaunas. “İnkaras” (Litva) – “Bakı fəhləsi” (Azərbaycan) – 1:0
28 iyun 1998-ci il. Bakı. “Bakı fəhləsi” – “İnkaras” – 1:0, penaltilərlə - 4:5
Mahir Əliyev

1999/00 mövsümü, İntertoto kuboku
19 iyun 1999-cu il. Hayfa. “Makkabi” (Hayfa, İsrail) – “Qarabağ” (Azərbaycan) – 1:2
Müşfiq Hüseynov (2)
26 iyun 1999-cu il. Bakı. “Qarabağ” – “Makkabi” – 0:1

2004/05 mövsümü, UEFA kuboku
15 iyul 2004-cü il. Banska Bıstritsa. “Dukla” (Slovakiya) – “Qarabağ” (Azərbaycan) – 3:0
29 iyul 2004-cü il. Bakı. “Qarabağ” – “Dukla” – 0:1
Azər Cabbarov-öz qapısına

2005/06 mövsümü , UEFA kuboku
14 iyul 2005-ci il. Bakı. “Bakı” (Azərbaycan) – “Jilina” (Slovakiya) – 1:0
Ceyhun Sultanov
28 iyul 2005-ci il. Jilina. “Jilina” – “Bakı” – 3:1
Andrey Ştoltsers

2006/07 mövsümü, UEFA kuboku
13 iyul 2006-cı il. Bakı. “Karvan” (Azərbaycan) – “Spartak” (Slovakiya) – 1:0
Xalid Muradov
27 iyul 2006-cı il. Trnava. “Spartak” – “Karvan” – 0:1
Süleyman Kamara

2008/09 mövsümü, İntertoto kuboku
21 iyun 2008-ci il. Bakı. “Neftçi” (Azərbaycan) – “Nitra” (Slovakiya) – 2:0
Rəşad Sadıqov, Rəşad Sadiqov
28 iyun 2008-ci il. Nitra. “Nitra” – “Neftçi” – 3:1
Joze Karlos