Tunc Afşar: Əhməd Dursun “Bakı”da oynamağa razıdır
23.06.2009 - 23:05
Tunc Afşar: Əhməd Dursun “Bakı”da oynamağa razıdır
“Xəzər-Lənkəran”ın türkiyəli hücumçusu Əhməd Dursun karyerasını “Bakı” klubunda davam etdirmək istəyir. Bu barədə apasport.az saytına paytaxtın eyniadlı komandasının türkiyəli vitse-prezidenti Tunc Afşar məlumat verib. Onun sözlərinə görə, həmyerlisi “Bakı”da oynamağa razıdır: “Xəzər-Lənkəran”la müqaviləsi bitən Əhmədin Antalyada olduğunu və özünə yeni komanda axtardığı haqda məlumat aldım. Onun meneceri digər tanınmış türkiyəli futbolçu Koray Avçı ilə də əməkdaşlıq edir. “Gənclərbirliyi”ndə oynayan Koray “Beşiktaş”da çıxışı ilə tanınır, Türkiyə yığmasında da forma geyinib. Həmin menecer həm Əhmədi, həm də Korayı bizə təklif edib. Ancaq hələ son qərarımızı verməmişik. Bu məsələni klubumuzun prezidenti Hafiz Məmmədovla danışacağam”.

Afşarın bildirdiyinə görə, Dursunun transferi 1 il üçün təxminən yarım milyon avroya başa gələr: “Ancaq hələ maddi məsələləri müzakirə etməmişik. Dursunu transfer etsək, “Xəzər-Lənkəran”la müqayisədə bizdə az qazanacaq. Hər halda, Əhməd əyalətdə yox, Bakıda yaşayacaq, futbolçu kimi əlverişli şəraitə malik olacaq. Güclü hücumçu axtarışındayıq. Bizə Çempionlar Liqasında kömək edə biləcək ön xətt oyunçusu lazımdır”.

Vitse-prezident braziliyalı hücumçu Jaba ilə daha çox maraqlandıqlarını gizlətməyib. O, Jabanın həmyerlisi Tita, həmçinin Meksika yığmasının hücumçusu Antonio De Niqrisin transferinin mümkünlüyünə belə aydınlıq gətirib: “Bu üç hücumçu son illərdə Türkiyə Superliqasında oynayıb. Niqrisin transferi çox baha başa gəlir. O, Azərbaycan adını eşidəndə Türkiyədə qazandığından iki dəfə çox məbləğə gəlməyə hazır olduğunu bildirib. Misal üçün, meksikalı Türkiyədə bir ilinə 500 min qazanırsa, Bakıya 1 milyona gəlməyə razıdır. Bu isə bizim üçün çox yüksək məbləğdir. Titanın hazırkı klubu ilə hələ bir illik müqaviləsi var. Jaba isə sərbəstdir. Klubla anlaşması bitən bu hücumçunun bizə faydası dəyə bilər. 28 yaşlı Jaba Türkiyə Superliqasında məhsuldarlıq nümayiş etdirib. O, bəstəboy hücumçu olsa da, fərdi oyunu ilə seçilir, cəld, sürətli, texnikalıdır. Jaba kimi hücumçu xüsusilə əks-hücumlarda çox təhlükəlidir. Onun transferi ilə bağlı maddi məsələləri nəzərdən keçiririk”.