Moskva “Spartak”ının sabiq qapıçısı “İnter”ə gəldi
24.06.2009 - 09:41
Moskva “Spartak”ının sabiq qapıçısı “İnter”ə gəldi
Kaxaber Sxadadze baş məşqçisi olduğu Bakının “İnter” klubuna daha bir həmyerlisini gətirib. Apasport.az saytının məlumatına görə, az öncə Zaur Svanadzeni özünə köməkçi götürən gürcüstanlı çalışdırıcı bu dəfə milli komandasının qapıçısı Georgi Lomayanı heyətə cəlb edib.

1,93 metr boya malik Lomayanın avqustun 8-də 30 yaşı tamam olacaq. O, “İnter”in tarixinə ilk gürcü qapıçı kimi düşüb. Vətənində “Kodako”, Tiflisin “Dinamo”, Merani” və “Lokomotiv”də oynayan Georgi 2003-cü ildən legioner həyatı da yaşayıb. Belə ki, ilk iki ildə Moskva “Spartak”ının qapıçısı olub. Ancaq bu titullu komandada cəmi 2 oyun keçirib və 4 top buraxıb.

2004/05 mövsümündə “Ximki”yə icarəyə verilən Lomaya daha sonra Rusiyada “Luç-Enerji”, Almaniyada “Karl Tseyss”, Ukraynada “Karpatı” komandasında forma geyinib. Ötən il vətəninə qayıdan Georgi Rustavi “Olimpi”sinin şərəfini qoruyub. 1998-ci ildə debüt etdiyi milli komandada 33 oyun keçirib.

Lomaya Avroliqanın ilk mərhələsində Slovakiyanın “Spartak” klubu ilə oyunlarda “İnter”ə kömək edə bilməyəcək. Buna səbəb artıq iştirak ərizəsinin UEFA-ya təqdim olunması və əlavə futbolçu sifariş edilməsinə icazə verilməməyidir. “İnter” “Spartak”ı keçərsə, onda iştirak ərizəsində dəyişiklik edib, Georgini adını daxil edə biləcək.