“Neftçi”dən qovulan baş məşqçi: Mən həqiqətən də narkomanam
24.06.2009 - 10:45
“Neftçi”dən qovulan baş məşqçi: Mən həqiqətən də narkomanam
“Ötən ili yaddaşımdan silib atmaq istərdim. Hansısa anda öz problemlərimlə mübarizə aparmağı dayandırdım, hər şeyi həyatın axarına buraxdım. Bakıdan qayıtdıqdan sonra iş məsələsi ilə bağlı vurnuxurdum. Ancaq açığı, harada çalışmaq istədiyimi özüm də bilmirdim”. Apasport.az saytının məlumatına görə, bunu Bakının “Neftçi” klubunun sabiq baş məşqçisi Vlastimil Petrjela deyib.

Hər halda, 2007-ci ilin sentyabrından dekabrınadək flaqmanı çalışdırmış çexiyalı mütəxəssis özünə yeni iş yeri tapıb. 56 yaşlı məşqçi vətənində ikinci liqada yarışan “Viktoriya Jijkov” klubunda işləyəcək. Bu, 2008-ci il yanvarın 4-də “Neftçi”dən qovulan Petrjelanın ilk iş yeridir.

Rusiya “Zenit”ində 3 il baş məşqçi olduğu dövrdə böyük uğurlara imza atan Petrjela bu dövrü unuda bilmir: “Rusiyada inanılmaz əla illər keçirdim. “Zenit”in azarkeşləri məni Allah kimi qəbul etdilər. Mən Çexiya miqyasında böyük pullar qazandım. Ola bilsin, hansısa anda ayağımın altında yeri itirdim. Özü də bir vacib şeyi nəzərə alın: mən tənha idim, hətta baş məşqçi olduğumu nəzərə alsaq belə, sərbəst vaxtım kifayət qədər idi. İstirahət müddətində getməyə yerim yox idi. Elə burdan da kazinoya gedişim başladı. Çexiyaya qayıtdığım zaman isə belə həyat tərzindən aralana bilmirdim”.

Təcrübəli mütəxəssisin sözlərinə görə, ona doğma vətənindən daha çox Rusiyada rəhm ediblər: “Vətənimdə o qədər qərəz, nifrət var idi ki, mən şokda idim. Hərçənd, heç nəyə təəccüblənməməyə çoxdan özümü öyrətmişəm. Dərmanlara gəlincə, bu, problem çoxdan, hələ Çexiyanın “Bohemians” klubunda işlədiyim dövrdə yarandı. Başa düşürsünüz, bu, çox kasıb klub idi. Hər gün məşqlər təxminən qrafikdə keçirdi: səhər saat yarım Liberetsdən Praqaya sükan arxasında, məşq, sonradan sponsorlarla görüş, yenidən məşq, yenidən işgüzar danışıqlar. Klub rəhbərliyi çox kiçik adamlar idi, çox məsələləri mən həll edirdim. Gecəyə yaxın yenidən Liberetsə evimə qayıdırdım, səhər tezdən isə yuxudan oyanırdım. Həddən artıq yorulma özünü göstərirdi”.

Ötən il Praqada ruhi-əsəb klinikasında müalicə alan Petrjela ciddi həkim nəzarəti altında olub: “Həkimlər mənə spirtli içkilər qəbul etməyə, siqaret çəkməyə qadağa qoymuşdu. Mənə sakitləşdirici dərmanlar yazılmışdı. Onlarsız keçinməyi yadırğamışdım. Problemlər tədricən ox kimi fırlanmağa başlayırdı... Artıq Rusiyada işlədiyim zaman bu dərmanlar mənim üçün həyatı təmin etməyin sistemi oldu. Fiziki baxımdan onlarsız keçinə bilmirdim. Kimsə məni dərhal narkoman adlandırdı, bu, həqiqətdir. Açığı, mənim üçün fərqi yoxdur. Şadam ki, bu problemdən canımı qurtardım. Etiraf edim ki, müalicə müddəti əzabverici idi”.