“Bakı” “Spartak” klubunun hücumçusunu icarəyə götürdü
07.07.2009 - 11:16
“Bakı” “Spartak” klubunun hücumçusunu icarəyə götürdü
Azərbaycanı tarixində ikinci dəfə Çempionlar Liqasında təmsil edəcək “Bakı” klubu daha bir futbolçunu transfer edir. Bu barədə apasport.az saytına komandanın vitse-prezidenti Zeynal Məmmədov məlumat verib. Onun sözlərinə görə, Rusiya Premyer Liqasında mübarizə aparan braziliyalı hücumçu Feliks Felipenin keçidi bu gün rəsmiləşəcək.

1,97 metr boya malik 24 yaşlı futbolçu Nalçik “Spartak”ına məxsusdur: “Baxışdan keçən Feliksi bəyənmişik. Yaxşı fiziki göstəricilərə malikdir. Ucaboylu hücumçu baş məşqçimiz Qyoko Hacıyevskinin tələblərinə uyğun gəlir. Çempionlar Liqasında Felipeyə böyük ümidlər bəsləyirik. Onunla yarım illik anlaşacağıq. Çünki “Spartak” onu ilin sonuna qədər bizə icarəyə verir”.

Bu, “Bakı”nın mövsümlərarası fasilədə 4-cü transferi oldu. Paytaxt təmsilçisinin indiyədək aldığı yeni futbolçular arasında müdafiəçi Barboza da braziliyalıdır. Digər transferlər - serbiyalı müdafiəçi Stevan Bates və bosniyalı hücumçu Alaksandar Soliçdir.