“Bakı” daha iki legionerlə müqavilə bağladı
07.07.2009 - 14:56
“Bakı” daha iki legionerlə müqavilə bağladı
Çempionlar Liqasında Litvanın “Ekranas“ klubu ilə oyuna hazırlaşan “Bakı” daha iki futbolçunun keçidini rəsmiləşdirib. Apasport.az saytının klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, braziliyalı hücumçu Feliks Felipe Almeyda və rumıniyalı yarımmüdafiəçi Valentin Kristian Muşkalu ilə bu gün rəsmi müqavilə imzalanıb.

Rusiya Premyer Liqasında çıxış edən Nalçikin "Spartak" klubundan transfer olunan, 1,97 metr boya malik 24 yaşlı Felipe ilin sonuna kimi icarə əsasında çıxış edəcək. Solaxay futbolçu olan Muşkalu 1,81 sm boya malikdir. Sol cinah yarımmüdafiəçisi mövqeyində çıxış edən Kristian Bosniya və Herseqovinanın paytaxtı Sarayevonu təmsil edən “Slaviya" klubunda oynayıb.

Yeri gəlmişkən, “Bakı”nın ötən mövsüm çempionluq uğrunda mübarizədə qabaqladığı “İnter” Avroliqada ikinci təsnifat mərhələsinə çıxarsa, məhz bu komanda ilə görüşəcək. Muşcalu Rumıniyanın gənclər yığmasının heyətində 4 oyun keçirib. Feliks "Bakı"da 9, Kristian isə 29 nömrəli formanı seçib.

Qeyd edək ki, “Bakı” mövsümlərarası fasilədə beş transfer edib və bunların hamısı legionerlərdir.