“Bakı” Hasan Suarini qovdu və Çempionlar Liqası üçün iştirak ərizəsini açıqladı
07.07.2009 - 17:54
“Bakı” Hasan Suarini qovdu və Çempionlar Liqası üçün iştirak ərizəsini açıqladı
Ölkə çempionu “Bakı” 2 əcnəbi hücumçu ilə yollarını ayırıb. Bu barədə apasport.az saytına açıqlama verən komandanın baş məşqçisi Qyoko Hacıyevski bildirib ki, gürcüstanlı Georgi Demetradze və mərakeşli Hasan Suari ilə birdəfəlik vidalaşıblar.

Hacıyevski müxbirimizə deyib ki, nəinki Çempionlar Liqasında (ÇL), ümumiyyətlə qarşıdakı yarışlarda həmin hücumçuların xidmətindən yararlanmayacaq: “Demetradze Sloveniyadakı təlim-məşq toplanışında olmayıb, Suari isə düşərgəyə gəlmədi. Hər iki hücumçunun anlaşması mövsüm bitəndən sonraya da nəzərdə tutulmuşdu. Yeni mövsümə hazırlıq zamanı düşərgəmizə gələn Demetradzenin xidmətində daha maraqlı deyiləm. Bildiyimə görə, onunla müqavilə pozulub. Mövsüm bitəndən sonra vətəninə yollanan Suaridən isə səs-soraq yoxdur. Onun belə hərəkətinə təəssüflənirəm. Onu qışda alsaq da, transferi ilə bağlı problem çıxdığı üçün oynada bilmədik. İndi də belə... Nə isə, bütün bunlar mənim üçün artıq keçmişdə qalıb. Hasanın bizimlə anlaşması olduğundan, sərbəst heç yerə gedə bilməz”.

Xatırladaq ki, “Bakı” mövsüm bitəndən sonra əcnəbi müdafiəçilər – serbiyalı Deyan Brankoviç və bolqar Stanislav Baçevlə başa çatan müqaviləni uzatmayıb.

Hacıyevski ÇL üçün iştirak ərizəsinin hazır olduğunu da bildirib. Beləliklə, ikinci təsnifat mərhələsində Litvanın “Ekranas” klubu ilə oyunlar üçün aşağıdakı futbolçuların sifariş olunması nəzərdə tutulub:

Qapıçılar: 1. Marko Şarliya, 13. Aqil Məmmədov, 23. Xalidu Sissoko

Müdafiəçilər: 2. Barbosa, 3. Rafael Əmirbəyov (kapitan), 4. Vadim Borets, 5. Stevan Bates, 14. Elvin Əliyev, 21. Aleksandr Tamaş, 22. Səbuhi Həsənov, 32 Aleksey Savinov, 33. Saşa Yunisoğlu

Yarımmüdafiəçilər: 7. Mahmud Qurbanov, 8. Ernad Skuliç, 10. Amiran Muciri, 11. Draqan Naçevski, 17. Ramazan Abbasov, 19. Əhməd Ticani, 20. Fabio Luis Ramim

Hücumçular: 9. Feliks Felipe Almeyda, 12. Fernando Peres, 27. Bəxtiyar Soltanov, 30. Vilyam Roşa Batista, 55. Georgi Adamiya

“Bakı”nın Nalçik “Spartak”ından icarəyə götürdüyü 24 yaşlı braziliyalı hücumçu Feliks Felipe Almeyda Demetradzenin geydiyi “9 nömrə”ni götürüb. Yeri gəlmişkən, Suari Georginin ilk dövrədə daşıdığı “99 nömrə”li formaya sahib idi. Sərəncamında 24 futbolçu olan “Bakı”nın makedoniyalı çalışdırıcısı yeni transfer, 29 nömrəli formanı götürən rumıniyalı sol cinah yarımmüdafiəçisi Valentin Kristian Muşkalunun məsələsinin açıq qaldığını bildirib. Hər şey qaydasında olarsa, iştirak ərizəsində sonuncu - 25-ci yerə 20 yaşlı bu futbolçu sahib çıxacaq: “Onun zədə ilə bağlı problem var. Həkimlər baxıb, son qərarlarını verəcək. Hər halda, zədəli futbolçunu necə sifariş edə bilərik? Rumın futbolçu zədəyə görə “Ekranas”la oyunlarda iştirak etməsə, iştirak ərizəsindən kənarda qalacaq. UEFA-ya Çempionlar Liqasına iştirak ərizəsini göndərmək üçün hələ bir qədər də vaxtımız var”.

Qeyd edək ki, “Bakı” üçün ÇL-də iştirak ərizəsinin təqdim etməsinin son müddəti iyulun 9-dur.