Statistikanın hökmü: “İnter” mərhələ keçəcək, “Simurq” yox!
08.07.2009 - 13:46
Statistikanın hökmü: “İnter” mərhələ keçəcək, “Simurq” yox!
Azərbaycanın Avroliqadakı təmsilçilərindən Bakının “İnter” klubu sabah mərhələ keçəcək. Apasport.az saytının hesablamalarına görə, indiyədək avrokuboklarda səfərdə ilk oyunda 1:2 hesabı ilə uduzan klublarımız bir qayda olaraq növbəti mərhələyə çıxır. Bu, həm “Şəmkir”, həm də “Neftçi”nin timsalında reallaşıb və hər ikisi Çempionlar Liqasının (ÇL) ilk təsnifat mərhələsinə təsadüf edib.

ÇL-də ilk mərhələ adlayan klubumuz kimi tarixə düşən “Şəmkir” əcnəbi hücumçuların sayəsində “Skonto” kimi güclü rəqibi sıradan çıxara bildi. Latviyalıların qapısına vurulan 5 qoldan üçü Badri Kvaratsxeliyanın payına düşür. Milli komandamızın da şərəfini qorumuş gürcü hücumçu Bakıda het-trik etməklə, böyük hesablı qələbədə (4:1) əsas pay sahibi oldu. Ukraynalı hücumçu Viktor Kulikovun səfərdə vurduğu qol da mərhələ adlamaq ümidlərimizi artırmışdı. Yeri gəlmişkən, “Skonto”nun evdə hər iki qolunun müəllifi bizə yaxşı tanış futbolçu - Vladimir Kolesniçenko olub. Ötən mövsümün ikinci dövrəsində “İnter”də çıxış edən latviyalı yarımmüdafiəçi yayda komandadan ayrılıb.

“Neftçi”yə isə ÇL-də mərhələ adlamağa öz futbolçularımızın vurduğu qollar yardımçı olmuşdu. Özü də maraqlıdır ki, həm Zaur Tağızadə, həm də Emin Quliyev oyunun sonunda rəqib qapısına başla yol tapıblar. Fərq ondadır ki, “Şəmkir” səfərdə 1:1-dən sonra axırıncı saniyələrdə penalti zərbəsindən buraxdığı qolla uduzmuşdusa, “Neftçi” 2:0-dan məğlub olduğu halda, hesab arasında fərqi azalda bilmişdi. Elə “İnter” də səfərdə flaqmanın yolu ilə gedib. Uruqvaylı hücumçu Anhel Qutyerres səfərdəki görüşün sonunda mərhələ adlayacağımıza böyük ümid verən gözəl qola imza atıb. Həm də nəzərə alaq ki, “İnter”in rəqibi “Karvan”ın üç il öncə UEFA kubokundan kənarlaşdırdığı Slovakiyanın Trnava şəhərinin “Spartak” klubudur. “Şəmkir” və “Neftçi” kimi, “İnter” də ilk oyunda yeganə qolu ikinci hissədə vurub. Bu, bizə düşərli məqamdır.

Əlahəzrət statistika “İnter”lə bağlı nikbinliyə əsas versə də, “Simurq” barədə bunun əksini söyləmək olar. Axı, avrokuboklarda evdə ilk oyunda 0:1 hesabı ilə uduzduqdan sonra mərhələ adlaya bilməmişik. Belə imkan bir dəfə “Qarabağ”ın əlinə düşmüşdü. Ağdam klubu artıq tarixin yaddaşına köçən Kuboklar Kubokunda öz meydanındakı minimal hesablı məğlubiyyətin əvəzini yalnız əsas vaxtda çıxa bilmişdi. Bəxtiyar Musayev “MüPa-47” klubu ilə Finlandiyadakı cavab görüşünün ikinci hissəsində vurduğu qolla buna nail olmuşdu. Hər iki oyun 1:0 hesabı ilə nəticələndiyindən qalibi müəyyənləşdirmək üçün 30 dəqiqəlik əlavə vaxt təyin edilmişdi. Əlavə vaxtın son saniyələrində, artıq komandalar oyun sonrası penaltilər zərbəsinə hazırlaşan zamanı finlərin vurduğu qol cütün taleyinə aydınlıq gətirmişdi.

“Xəzər-Lənkəran”ın ötən mövsüm UEFA kubokunda evdə 0:1 hesablı məğlubiyyəti zamanı aqibəti daha pis olub. Polşa “Lex”i öz meydanında daha böyük hesablı qələbə qazanmışdı - 1:4.

Qeyd edək ki, bu görüşlər zamanı ev oyunlarımız indiki kimi Tofiq Bəhramov adına Respublika stadionunda olub.

Səfərdə 1:2, evdə isə 0:1 hesabı ilə uduzan klublarımızın statistikası:

2000/01 mövsümü

Çempionlar Liqası, ilk təsnifat mərhələsi
12 iyul 2000-ci il. Riqa.
“Skonto” (Latviya) - “Şəmkir” (Azərbaycan) – 2:1
Viktor Kulikov

19 iyul 2000-ci il. Bakı.
“Şəmkir” – “Skonto” – 4:1 (əsas vaxtda – 2:1)
Badri Kvaratsxeliya (3), Viktor Kulikov

2004/05 mövsümü
Çempionlar Liqası, ilk təsnifat mərhələsi
13 iyul 2004-cü il. Şiroki Briyeq.
“Şiroki Briyeq” (Bosniya və Herseqovina) – “Neftçi” (Azərbaycan) – 2:1
Zaur Tağızadə

21 iyul 2004-cü il. Bakı.
“Neftçi” – “Şiroki Briyeq” – 1:0
Emin Quliyev

1996/97 mövsümü
Kuboklar Kuboku, ilk təsnifat mərhələsi
8 avqust 1996-cı il. Bakı.
“Qarabağ” (Azərbaycan) – “MüPa-47” (Finlandiya) – 0:1

23 avqust 1996-cı il. Ancalankoski.
“MüPa-47” – “Qarabağ” – 1:1 (əsas vaxtda – 0:1)
Bəxtiyar Musayev

2008/09 mövsümü
UEFA kuboku, ilk təsnifat mərhələsi
24 iyul 2008-ci il. Bakı.
“Xəzər-Lənkəran” (Azərbaycan) – “Lex” (Polşa) – 0:1

31 iyul 2008-ci il. Poznan.
“Lex” – “Xəzər-Lənkəran” – 4:1
Zaur Ramazanov