“Ekranas” heç-heçə oynayıb, əsas futbolçusunu itirdi
08.07.2009 - 14:37
“Ekranas” heç-heçə oynayıb, əsas futbolçusunu itirdi
“Bakı”nın Çempionlar Liqasındakı rəqibi “Ekranas” Kiprdə təlim-məşq toplanışını başa vurub. Apasport.az saytının məlumatına görə, Nikosiyada yerli “Omoniya” ilə yoxlama oyunu keçirən Litva təmsilçisi 1:1 hesablı heç-heçəyə nail olub.

Qarşılaşma kiprlilərin kapitanı Kosta Kayafas üçün vida oyunu olduğundan böyük diqqət mərkəzində idi. 1991-ci ildən “Omoniya”nın şərəfini qoruyan və “10 nömrə”li formanı daşıyan Kosta klubda ən çox oyun keçirən futbolçular sırasında 2-dir.

15 minə yaxın azarkeşin stadiondan izlədiyi görüş “Bakı”nın rəqibi üçün çox yaxşı başlayıb. Belə ki, artıq 2-ci dəqiqədə “Ekranas”ın serbiyalı müdafiəçisi Duşan Matoviç hesabı açıb. Kiprlilər hesabda tarazlıq yaratmaq üçün çox çalışsalar da, litvalı qapıçı Vitautas Çernyauskas əla oyun nümayiş etdirib. İlk 10 dəqiqədən sonra isə meydanda atəşfəşanlıq başlayıb.

Belə ki, görüşün əsas səbəbkarı Kayafas əvəzlənərək, təmtəraqlı şəkildə meydanı tərk edib. Bu zaman göyə çoxlu fişəng atılıb. İkinci hissədə çoxlu əvəzetmələr edən “Omoniya”, nəhayət istəyinə çatır. 60-cı dəqiqədə “Ekranas”ın yarımmüdafiəçisi Andrius Arlauskas qapıları səhv salaraq, avtoqola imza atıb. Baxışda olan serbiyalı Darko Arandeloviç, Nerijus Sasnauskas, Povilas Şarunas, Jilvinas Banusu sınayan “Ekranas”ın baş məşqçisi Valdas Urbonas sonda daha bir problemlə üzləşir.

Vaxtilə ölkəmizdə Bakının “İnter” klubunda çıxış edən litvalı hücumçu Valdas Trakis görüşün sonunun bir dəqiqə qalmış topuq nahiyəsində xəsarət alıb. Oyunu davam etdirə bilməyən “Ekranas”ın əsas qol ümid meydanı tərk edib.

Qeyd edək ki, vətənə dönən “Ekranas” növbəti oyununu iyulun 14-də “Bakı” ilə keçirəcək. Həmin rəsmi görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.