Qyoko Hacıyevski: Mənə lazımi informasiyalar ötürüblər
08.07.2009 - 23:00
Qyoko Hacıyevski: Mənə lazımi informasiyalar ötürüblər
“Çempionlar Liqasında rəqibimiz olan “Ekranas”ın “Omoniya” ilə yoxlama görüşü haqda ətraflı məlumatım var. Kiprdə olan tanışlarım mənə lazımı informasiyaları veriblər”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Bakı” klubunun baş məşqçisi Qyoko Hacıyevski deyib.

Çempionlar Liqasının ikinci təsnifat mərhələsində Litvanın “Ekranas” klubu ilə oyuna hazırlıq məqsədilə Sloveniya toplanışını davam etdirən makedoniyalı mütəxəssis rəqib haqda da məlumat toplayır. Hacıyevski Nikosiyada 1:1 hesabı ilə nəticələnən qarşılaşmada nəticənin oyuna görə olmadığı qənaətinə gəlib: “Mənə verilən məlumata görə, “Omoniya”nın həmin matçda daha çox qol imkanları olub və qələbəyə layiqli imiş. Ancaq “Ekranas” qapıçısının da inamlı oyunu sayəsində heç-heçəyə nail olub. Rəqibimiz intizamlı oyun nümayiş etdirir, futbolçuları yaxşı fiziki göstəricilərə malikdir. “Ekranas” standard vəziyyətlərdə təhlükəlidir, futbolçuları başla yaxşı oynayır. Təsadüfi deyil ki, “Omoniya” ilə oyunda rəqib qapısına belə vəziyyətdə yol tapıb. Onu da bilirəm ki, “Ekranas”ın əsas hücumçularından Valdas Trakis görüşün sonunda xəsarət alaraq, meydanı tərk edib. Ancaq onun zədəsinin nə dərəcədə ciddi olduğunu deyə bilmirəm”.

Rəqib haqda məlumat toplamaqla yanaşı, hazırlıqlarına da xüsusi diqqət yetirən Hacıyevski daha çox öz komandasına güvənir: “Lazım olan transferləri həyata keçirdik. Bundan əlavə, Vilyam Roşa Batista və Georgi Adamiya kimi əsas futbolçularımızı da saxlaya bildik. Bir sözlə, hazırlıq prosesimizdən, aldığımız futbolçulardan razıyam. İndi daha güclü komandamız var. “Bakı” ötən mövsümlə müqayisədə çox güclənib. İnanıram ki, bunun bəhrəsini yeni mövsümdə görəcəyik”.
0