“Ümidvaram ki, Azərbaycanla oyuna çağırılacağam”
08.07.2009 - 23:21
“Ümidvaram ki, Azərbaycanla oyuna çağırılacağam”
Bu yaxınlarda Almaniyanın gənclərdən ibarət milli komandasının heyətində Avropa çempionu olan türk əsilli futbolçu Məsut Özil indi əsas yığmaya can atır. Lent.az-ın məlumatına görə, Özil avqustun 12-də Almaniya millisinin Azərbaycan yığması ilə keçirəcəyi 2010-cu il dünya çempionatının seçmə qrup matçına çağırılacağına ümid edir.

21 yaşlı yarımmüdafiəçi “Sportbild” jurnalına açıqlamasında “Bundestim”in gələcəkdə önəmli oyunçusuna çevriləcəyinə inandığını bildirib: “Ümidvaram ki, Azərbaycanla qarşılaşmaya çağırılacağam. Əsas yığmada müntəzəm çıxış etsəm, 2010-cu il dünya çempionatına yollanma şanslarım yaranacaq. Almaniya dünya çempionu olarsa, daha bir arzum reallaşacaq”.

Özil gənclər arasında Avropa çempionatındakı çıxışı ilə Almaniya millisinin baş məşqçisi Yoahim Lövün də təbriklərini qazanıb. Löv türk əsilli futbolçunun dahiyanə ötürmələr verdiyini və mükəmməl oyun təfəkkürünə malik olduğunu bildirib. Futbolçunun özü isə hazırda çatışmazlıqlarını aradan qaldırmaq üçün çalışır: “Hər iki ayağımla güclü zərbələr endirmək üçün sağ ayağımı da işə salmalı və sərbəst zərbələri daha yaxşı yerinə yetirməliyəm”.

Qeyd edək ki, Azərbaycan – Almaniya matçı Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
0