Daha iki klubumuz “Neftçi”nin yanına gedəcək
09.07.2009 - 11:44
Daha iki klubumuz “Neftçi”nin yanına gedəcək
“Neftçi”nin təlim-məşq toplanışı keçdiyi Türkiyənin İzmit şəhərinin Kartəpə qəsəbəsi daha iki komandamızın hazırlıq məkanı olacaq. Apasport.az saytının məlumatına görə, bu məkana “Qəbələ” və “Muğan” da baş çəkəcək.

Qış idman mərkəzi olan Kartəpə yayda sərin havası ilə təlim-məşq toplanışı keçmək istəyən klubların diqqətini çəkir. Burada 7 futbol meydançasından 5-i FİFA standartlarına uyğun gəlir. Toplanış mərkəzində ölkə daxili və xaricindən ümumilikdə 30 komanda məskunlaşacaq.

“Neftçi”nin qaldığı “Green Resort Otel”in mətbuat katibi Birol Aydın açıqlamasında Türkiyə Superliqa təmsilçilərindən “İstanbul BB”nin Kartəpə toplanışını bitirdiyini deyib. O, qarşıdakı planlar barədə bunları söyləyib: “Superliqa klublarından “Diyarbəkirspor”, birinci liqadan “Ərciyyəspor”, “Adanaspor”, “Altay”, “Çaykur Rizəspor”, 2-ci liqadan “Tokatspor”, 3-cü liqadan “Bayrampaşaspor” və “Sirtspor”un Kartəpədə hazırlıq keçəcəyi dəqiqdir. Bura bizimkilərlə yanaşı, xarici klublar da gələcək. Azərbaycanın yüksək liqasından “Neftçi”, “Qəbələ” və “Muğan”, İranın 1-ci liqasından “İstiqlal”, habelə Fransa təmsilçisi təlim-məşq toplanışı kimi Kartəpəni seçib”.

Qeyd edək ki, Sapanca gölü və İzmit körfəzi 1700 metr hündürlükdə olan Kartəpəyə gözəl mənzərə verir. Bu məkanda futbol meydançaları ilə yanaşı, tennis kortu, voleybol, basketbol meydançaları və digər idman növləri üçün sahələr var.
0